Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 60 nəfər saxlanılıb

Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 60 nəfər saxlanılıb
14:38 10 Avqust 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər saxlanılıb. Onların 28-i Azərbaycan, 8-i Moldova, 7-si İran, 7-si Özbəkistan, 6-sı Əfqanıstan, hər ölkədən bir nəfər olmaqla Rusiya, Nigeriya, Gürcüstan, Banqladeş vətəndaşları olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 417 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kiloqram 403,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
İyulun 22-də Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saat 23:00 radələrində İran İslam Respublikasından Azərbaycana keçmək istəyən 2 sərhəd pozucusunun qarşısı alınıb. Hadisə yerinə baxış zamanı iki bağlamada 5 kiloqram kokos, 2,3 kiloqram tiryək, 80 qram qurudulmuş marixuana, 1550 psixotrop həb aşkar olunaraq götürülüb.
İyulun 25-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində torpağa basdırılmış bağlamada 2 kiloqram tiryək aşkar olunaraq götürülüb.
Ay ərzində Lənkəran, Lerik, Zaqatala və Balakən rayonları ərazisində 76,5 hektar sahədə aşkar olunmuş ümumi çəkisi 10,5 ton olan çətənə kolları toplanaraq yandırılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 398 min manat olan qaçaqmal, o cümlədən 1 “F-1” əl qumbarası, 2 beşbarmaq, 1 gecəgörmə cihazı, 192 mobil telefon, 5278 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_ay_Azerbaycanin_dovlet_serhedini_pozduqlari_uchun_60_nefer_saxlanilib-876466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR