"Qanlı Yanvar" QMİ-də

"Qanlı Yanvar" QMİ-də
16:46 26 Yanvar 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanlar İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbiri keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, dövlət rəsmiləri, Azərbaycanda yaşayan müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri iştirak ediblər.

Şəhidlərin ruhları üçün İslam, xristian və yəhudi dininin qaydalarına uyğun dualar oxunduqdan sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışına başlayıb.

O, bildirib ki, tədbirin bu gün - yanvarın 26-na təyin edilməsinin səbəbi 1990-cı ilin məhz bu günü Bakıdan sonra şəhidlərin Lənkəranda, Cəlilabadda dəfn edilməsi ilə bağlıdır.

A.Paşazadə deyib: "Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş, dörddə bir əsr müddətin bizləri ayırdığı 20 Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaqdır. Bu gün Azərbaycanın dünyada tanınması və inkişaf etməsi 20 yanvar günü tökülən qanların hesabınadır. Biz o günləri yaddan çıxarmamalıyıq. Allah-təala bizə o günü faciə kimi yox, Azərbaycanı təcavüzdən qorumaq üçün göndərdi. Biz də onu dərk elədik. Azərbaycan övladları əliyalın qoşunların qarşısına çıxaraq Azərbaycanın qan yaddaşını yazdılar. Xüsusən Azərbaycana İslam fundamentalizmi damğası vurmaq istəyirdilər. Azərbaycan göstərdi ki, tolerant ölkədir və İslamdan ədavət üçün yox, dostluq və birlik üçün istifadə etdilər".

Bütün Qafqazın şeyxi 20 Yanvar faciəsinin 25 ildir hələ də öz tam qiymətini almadığını vurğulayıb: "Təəssüf edirəm ki, 20 Yanvar faciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb: "Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini — M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, 20 Yanvar cinayəti də vardır. QMİ bugünədək hər il - 20 Yanvarın hər ildönümündə dünya ictimaiyyətinə ünvanlı bəyanatlarında təkidlə bunda israr edir".

Tədbirin sonunda Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi nümayiş olunub. Filmə baxışdan sonra onun müzakirəsi zamanı QMİ sədri filmin ərsəyə gəlməsini yüksək dəyərləndirib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR