x
Loading...

Uşaqla təyyarədə uçmaq asandır, sadəcə QAYDALARı bilmək lazımdır

Uşaqla təyyarədə uçmaq asandır, sadəcə QAYDALARı bilmək lazımdır
14:37 10 Avqust 2015
188 Digər
Ölkə mətbuatı
A- A+

Təyyarə ilə uçmaq bu gün ən universal, sürətli və rahat səyahət üsuludur. Ancaq bütün müsbət və mənfi cəhətlərinə baxmayaraq, bəzi valideynlər hələ də körpə uşaqları ilə uçmaqdan çəkinirlər. Amma boş yerə. Müasir aviaşirkətlər artıq uzun müddətdir ki, körpələrin daşınması üçün qaydalar düşünüblər. Bu qaydalara əməl edildikdə, sizin övladınızın səyahəti rahat və təhlükəsiz olacaq.

Ailə əhvalatlarında deyilir ki, mənim təyyarə ilə ilk səyahətim 1.5 yaşımda baş tutub və belə "gənc" yaşıma baxmayaraq, ana qucağında yuxuya gedərək və digər sərnişinlərin də əsəb sistemlərini korlamadan uçuşu çox sakit keçirmişəm. Sonrakı uçuşlar da elə bu cür rahat keçib.

Bu gün biz Azərbaycan Hava Yollarının reyslərində uşaqların daşınması qaydasına nəzər yetirəcəyik.

Uşaq üçün bilet

Milli.Az Day.Az saytına istinadən bildirir ki, aviaşirkətlər uşaqları iki kateqoriyaya bölür - körpə (infant) və uşaq (сhild).

Körpə (infant) - iki yaşa qədər olan uşaqlardır. AZAL-ın reyslərində 2 yaşa qədər uşaqların biletləri onu müşayiət edən böyük sərnişinin biletinin tarifindən 90% güzəştlə təqdim olunur (Faktiki olaraq biletin qiymətinin cəmi 10%-i ödənilir. Düzdür, onun üçün hava gəmisində yer ayrılmır, ancaq ya valideynlərin qucağında, ya da ki, beşikdə qalır.

Aviaşirkətin beynəlxalq reyslərində hər sərnişin 2 yaşa qədər olan bir uşağı ayrıca yer götürmədən və bunun üçün bilet rəsmiləşdirmədən apara bilər. (Halbuki körpə üçün olan biletin qiyməti 90% ucuzdur). 2 yaşa qədər ikinci və ya üçüncü uşaq olarsa, onlar üçün biletlər standart tariflərdən 25% güzəştlə alınır. Onlar üçün oturacaqlar ayrılır və təyin olunmuş normaya uyğun onlar üçün yük də daşınır.

Körpənin daşınması zamanı tədbirlər hava gəmisinin göyərtəsində onu müşayiət edən böyük sərnişinin yanında həyata keçirilir. Körpə sərnişinlər üçün çıxışların yanında yer ayrılması qadağandır.

Yeni doğulmuş körpələr yalnız 7 gündən sonra ana, ata və ya ona görə məsuliyyət daşıyan digər sərnişinin müşayiəti ilə səyahət edə bilər. Yeni doğulmuş körpənin səyahəti üçün doğum haqqında şəhadətnaməsi və ya doğum evindən arayış mütləq olmalıdır.

AZAL-ın bütün beynəlxalq reyslərində 2 yaşa qədər körpələrin daşınması sayı məhduddur və bu hədd aşıla bilməz: Boeing 787-800 təyyarəsində 28 nəfər, Boeing 767-300 təyyarəsində 28 nəfər, Boeing 757-200 təyyarəsində 25 nəfər, Airbus 340 təyyarəsindı 28 nəfər, Airbus 319/320 təyyarəsində 20 nəfər, Embraer 170/190 təyyarəsində isə 15 nəfər.

Uşaq (сhild) kateqoriyasına aid edilən sərnişinlərin isə yaşı 2-12 arasındadır. AZAL şirkətində bu kateqoriyadan olan sərnişinlər üçün 25% güzəşt nəzərdə tutulub.

Biletlərin rəsmiləşdirilməsi və uşağın qeydiyyatı prosedurlarından keçərkən uşağın yaşını təsdiq edən sənəd göstərilməlidir. Uşağın yaşı və daşınmanın təyin olunduğu günə hesablanır. Uşaqlar üçün biletlərdə onların doğum tarixləri göstərilməlidir.

Uşaq 18 və daha çox yaşı olan və reyslərin dəyişdirilməsi də daxil olmaqla səyahətin bütün mərhələlərində qeydiyyat, gömrük, sərhəd qeydiyyatında ona görə məsuliyyət daşıyan sərnişinin müşayiəti ilə (anası, atası və ya qəyyumu) səyahət edə bilər.

Yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarının ölkədən çıxması üçün hər iki valideyninin razılığı olmalıdır. Yuxarıda qeyd olunan bütün yaş qrupuna aid uşaqların səyahət icazəsini hər iki valideyn notarial qaydada təsdiq etməlidir.

5 yaşına qədər uşaqlar valideynin, qəyyumun və ya etibar edilən simanın müşayiəti olmadan şirkətin aviareyslərinə buraxılmır.

AZAL-ın qaydalarına əsasən, əgər təyinat/tranzit/transfer ölkələrinin qüvvədə olan qanunları ilə digər hal müəyyən edilməmişdirsə, 5 yaşından 14 yaşınadək uşaqlar aviaşirkətin birbaşa reyslərinə və transfer reyslərinə (bir neçə daşıyıcının ardıcıl həyata keçirdiyi reyslərdən başqa) aviaşirkətin öz məsuliyyəti altında götürülə bilər. 14 yaşdan 18 yaşadək uşaqlar valideynlərinin və ya qəyyumlarının xahişi ilə müşayiət olunmayan uşaqlar qismində daşınmaya qəbul oluna bilər.

Müşayiət olunmayan uşaqlar aviaşirkətin reyslərinə yalnız daşıyıcının əvvəlcədən verilmiş razılığı və təsdiq edilmiş statusa malik biletlə səyahət edə bilərlər. Müşayiət olunmayan uşaqlar valideynlərinin və ya qəyyumunun müşayiəti ilə hava limanına gəlməlidirlər. Valideynlər və ya qəyyumlar təyyarə havaya qalxana qədər aeroportda olmalıdırlar. Onlar uşağı aeroportda qarşılamalıdırlar.

5 yaşdan 12 yaşadək müşayiət olunmayan uşaqların aviaşirkətin beynəlxalq reyslərində daşınmasına görə təxsisetmə sistemində (bronlaşdırma) mövcud olan istənilən sinfin böyük sərnişinlərə şamil olunan tarifinin 25%-i məbləğində CHD güzəşti tətbiq olunur.

12 yaşdan 14 yaşadək müşayiət olunmayan uşaqların aviaşirkətin beynəlxalq reyslərində, eləcə də 5 yaşdan 14 yaşadək uşaqların aviaşirkətin daxili reyslərdə daşınmasına görə təxsisetmə sistemində mövcud olan istənilən sinfin böyük sərnişinlərə şamil olunan tarifi tətbiq olunur.

Bundan əlavə, beynəlxalq reyslərdə müşayiət olunmayan 5 yaşdan 14 yaşa qədər uşaqlar üçün məbləği 60 avro olan əlavə ödəniş etməlisiniz.

Bütün beynəlxalq reyslərində müşayiət olunmayan uşaqlar məhdud sayda daşınır: Boeing 787-800 təyyarəsində 10 nəfər, Boeing 767-300 təyyarəsində 10 nəfər, Boeing 757-200 təyyarəsində 10 nəfər, Airbus 340 təyyarəsində 10 nəfər, Airbus 319/320 təyyarəsində 10 nəfər, Embraer 170/190 təyyarəsində isə 5 nəfər.

Faydalı məsləhətlər

Biz hamımız uşaqlarımızı sevirik, ancaq bir neçə saat səfər edən uşaq ağlaya və ya dəcəllik edə bilər. Sakitliyi qorumaq və neqativ emosiyalara təslim olmamaq çətindir. Ancaq belə hallarda çox vaxt günahkar uşaqlar deyil, onların valideynləridir. Özünüzün və övladınızın rahatlığını təmin etmək üçün faydalı məsləhətlərə əməl etmək lazımdır.

Yol üçün uşaq çantasını yığarkən uçuş zamanı gərəkli ola biləcək əşyaları - nəm salfet, uşaq bezi, tibb ləvazimatı, ehtiyat paltar götürməyi unutmayın. Onun sevimli oyuncağını, cizgi filmi və ya sevimli oyunu olan planşeti də götürün. Planşetlər adətən yolda çox yardımçı olur.

Valideynləri narahat edən digər bir məsələ isə uçuş zamanı uşağı nə ilə qidalandırmaqdır. Bilet sifariş edərkən aviaşirkətin saytında xüsusi qidalanma sifariş edə bilərsiniz. Orada həm körpələr, həm də uşaqlar üçün qidalar var. Bu qidalar ya bilet alınarkən, ya da ki uçuşdan 24 saat əvvələ qədər sifariş edilməlidir.

Əgər uşaq qidaya qarşı həssasdırsa, özünüzlər yoxlanılmış qidaları götürə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR