Xəzərdəki sərvətimizi kimlər və niyə talayır? - SƏBƏBLƏR

Xəzərdəki sərvətimizi kimlər və niyə talayır? - SƏBƏBLƏR
16:52 26 Yanvar 2015
164 Sosial
Ölkə mətbuatı
A- A+

Xəzər dənizində seysmoloji kəşfiyyat işlərinin aparılması nərəkimilərin sayının azalmasına təsir göstərir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov Trend-ə deyib ki, son tədqiqatlar Xəzər dənizində nərəkimilərin yox olma dərəcəsinə qədər azaldığını göstərir. Xəzərin nərəkimilərinin azalmasının əsas səbəbi, ilk növbədə, onların geniş miqyasda qeyri-leqal halda çaylarda və dənizdə ovlanmasıdır. Bütün il ərzində nərəkimilərin (xüsusilə, körpə balıqların) plansız ovlanması Xəzər populyasiyalarını məhv olma dərəcəsinə gətirib çıxarıb.

İ.Ələkbərov qeyd edib ki, Xəzər dənizində Qara dənizdən gəmilərin ballast suları ilə keçən daraqlı Mnemiopsis leidyi surətlə inkişaf edib. Amerika planktonoloqları ilə birgə aparılan tədqiqat da göstərib ki, bu növ Xəzər dənizinin planktonlarına çox böyük ziyan vurub. Belə ki, Mnemiopsis leidyi planktonlardan qida kimi fəal istifadə edib və kütləvi şəkildə çoxalıblar. Mnemiopsis leidyi, xüsusilə, Xəzər dənizinin Lənkəran və Astara bölgəsində suyun yüksək duzluluq şəraitində çox - 13 faiz artıb. Mnemiopsis leidyi növünün inkişafı bir çox balıqların, o cumlədən nərəkimilərin yem ehtiyatına mənfi təsir göstərir.

İnstitut direktoru bildirib ki, Xəzər dənizinə təkcə Volqa və Kür çaylarının çirkli suları deyil, həmçinin sənaye və kimyəvi istehsal tullantıları, dənizdən neft çıxartma zamanı müxtəlif kimyəvi tullantılar axıdılır. Xəzər dənizinin illər boyunca kompleks çirklənməsi də nərəkimilərin sayının azalmasının əsas səbəblərindəndir.

İ.Ələkbərov bildirib ki, adətən, "çirkləndirici" kimi adı çəkilməyən, pnevmatik qurğularla tətbiq edilən seysmoloji kəşfiyyat işləri də nərəkimilərin sayının azalmasına səbəb olur. Həmin qurğular vasitəsilə 150 atmosfer təzyiqində sıxılmış hava ilə edilən təkanlar böyük sahələrdə planktonları məhv edir.

Onun sözlərinə görə, institut tərəfindən Xəzər dənizinin hidrofaunasına seysmik kəşfiyyatın təsiri tədqiq olunub. Məlum olub ki, bu tədqiqatın aparılması dövründə (adətən, 2-3 ay və daha artıq) həmin akvatoriyanın planktonunda "ölü zona" əmələ gəlir. Onurğasızlar - rotatorilər, xərçəngkimilər tamamilə tələf olur, balıq körpələrinin bir qismi isə üzmə qovuğunun partlaması nəticəsində ölürlər. Neqativ nəticələr, xüsusilə, dərin olmayan yerlərdə seysmik kəşfiyyatın aparılması zamanı müşahidə edilir: "ELF", "Adip", "JAOC" kimi neft şirkətlərinin seysmik kəşfiyyatlarının biomonitorinqi göstərdi ki, 20 metrdən çox olmayan dərinlikdə seysmik kəşfiyyatın aparılması balıqların yemi olan zoobentosun məhv olmasına səbəb olur. Bütün bu hallar Xəzər nərəkimilərinin kritik vəziyyətini izah edir və onlara edilən mənfi antropogen stressin, ilk növbədə isə qanunsuz ovlanmanın təcili aşağı salınmasının vacibliyini göstərir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR