Azərbaycan məktəbliləri Almatıda keçirilən olimpiadada yüksək nəticələr əldə ediblər

17:03 26 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində keçirilən “XI Beynəlxalq Jauitikov” bilik olimpiadasında yüksək nəticələr əldə ediblər.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, Qazaxıstanın Elm və Təhsil Nazirliyi, Almatı fizika-riyaziyyat təmayüllü “İstedadlar” liseyi, “DARİN” elm mərkəzi tərəfindən təşkil olunan olimpiadada 15 ölkədən 57 komanda iştirak edib. Tədbirdə Azərbaycan 19 nəfərdən ibarət üç komanda ilə təmsil olunub.
400-dək şagirdin qatıldığı olimpiadada iştirakçılar komandalar şəklində riyaziyyat, fizika və informatika fənləri üzrə yarışıblar. Azərbaycan məktəbliləri riyaziyyat və fizika fənləri üzrə uğurlu nəticələr göstəriblər.
Riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı “İstək” liseyinin X sinif şagirdi Məhəmməd Şirinov gümüş, Quba “İstək” liseyinin X sinif şagirdi Tahir Nadirov bürünc medal qazanıblar. Fizika fənni üzrə olimpiadada Quba “İstək” liseyinin IX sinif şagirdi Səbuhi Mikayılov bürünc medala layiq görülüb.
“İstək” liseyi Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş tədris planı əsasında, beynəlxalq proqramlar əlavə olunmaqla fəaliyyət göstərir, şagirdlərin bilik və məntiq olimpiadalarında iştirakını müntəzəm təmin edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR