Azərbaycan və İordaniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

Azərbaycan və İordaniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub
17:18 26 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Əmman, 26 yanvar, AzərTAc 
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin parlamentinin yuxarı palatasında Azərbaycan-İordaniya Qardaşlıq Cəmiyyətinin üzvləri ilə görüşüb.
Görüşdə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Cəmiyyətin sədri Muhammad Əl-Squr parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
S.Ağabəyov ölkələrimizin diplomatik əlaqələrinin hələ 1992-ci ildə ulu öndər Heydər Əliyev və Kral Hüseyn tərəfindən qoyulduğunu, bu əlaqələrin inkişaf etdirilməsində Prezident İlham Əliyevin və Kral II Abdullahın mühüm xidmətlərinin olduğunu diqqətə çatdırıb.
Diplomat hər iki ölkənin dövlət başçıları və xalqları arasındakı dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın mövqeyinin İordaniya tərəfindən dəstəklənməsinin məmnuniyyətlə qarşılandığını bildirib. O, Azərbaycanın ərəb və İslam dövlətləri, xüsusilə İordaniya ilə münasibətlərinin genişlənməsində maraqlı olduğunu qeyd edib.
Səfir müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə Azərbaycanda siyasi plüralizmə əsaslanan demokratik sistemin, azad bazar prinsiplərinə əsaslanan iqtisadiyyatın təməlinin qoyulduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini söyləyib.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar qətliamı barədə də məlumat verib, İordaniya Senatının Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etməsinə görə minnətdarlığını bildirib.
Görüşdə bu il Əmmanda Azərbaycan-İordaniya Hökumətlərarası Müştərək Komissiyasının ikinci iclasının və biznes forumunun keçirilməsi üçün İordaniya tərəfinin rəy və təkliflərinin təqdim olunmasının, həmin iclas çərçivəsinə iki ölkə arasında baxılmaqda olan sənədlərin imzalanmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Muhammad Əl-Squr qeyd edilən iclasın keçirilməsi prosedurunun sürətləndirilməsinin önəmini bildirib, baxılmaqda olan sənədlərin iclas zamanı imzalanması üçün müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.
Görüş İordaniyanın bir sıra KİV-ləri tərəfindən işıqlandırılıb.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Iordaniya_parlamentleri_arasinda_emekdasligin_derinlesdirilmesi_muzakire_olunub-827563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR