"20 Yanvar hadisəsini bir filmə sığışdırmaq çətindir"

17:28 26 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İlkin İzzət/

"20 Yanvar hadisəsinin miqyası o qədər böyükdür ki, onu bir filmə sığışdırmaq çətindir. Düşünürəm ki, bu filmlərin ardı yenə də olacaq. Nə qədər ki, bizim düşmənlərimiz var, müstəqilliyimizə əngəl olanlar var, nə qədər ki, Qarabağ məsələsi davam edir, belə filmlər çəkiləcək".

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbirində rejissor Vahid Mustafayevin 20 Yanvar faciəsinə həsr olunmuş "Qanlı Yanvar" filminin nümayişindən sonra bildirib.

A.Paşazadənin fikrincə, 20 Yanvar faciəsi haqqında hələ xeyli film çəkmək olar: "Yəqin ki, bu iş davam edəcək. Bu yola azadlıq quşu kimi baxıram. Bu bir göyərçindir. Hiss olunur ki, film gözəl məhəbbətlə çəkilib".

Şeyxülislam QMİ-də 20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbirində qeyd edib: "Ümidvarıq ki, 20 yanvar və Qarabağ şəhidlərinin qanı yerdə qalmayacaq".

QMİ sədri 26 yanvar gününün Daşaltı əməliyyatının 23-cü ildönümü olduğunu xatırladaraq orada şəhid olan mərd oğullarımıza Allahdan rəhmət diləyib.

A.Paşazadə ölkədə yaradılan şəraitə görə, dövlət başçısına minnətdarlığını bildirib: "Bu gün Azərbaycana baxanda görürük ki, biz necə çətin dövrlər yaşamışıq. Bu gün bizim üçün hər cür şərait yaradılıb. Azərbaycan firavan, müstəqil günlərini yaşayır. Biz indi başqa ölkələrdə baş verən münaqişələrə, qarşıdurmalara baxanda görürük ki, Azərbaycanın siyasəti doğru siyasətdir. Azərbaycanda dini etiqada, dinə qarşı olan münasibət dövlət rəhbərinin diqqət mərkəzindədir. Buna görə, belə şəraiti yaratdığına görə, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildirirk".

Tədbir iştirakçıları və bütün dindarlar adından filmə görə V.Mustafayevə təşəkkür edən QMİ sədri rejissora "Qurani-Kərim" hədiyyə edib.

Tədbirdə çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və digərləri filmi yüksək dəyərləndiriblər. Onlar qeyd ediblər ki, Vətən uğrunda ölüm həyatın davamıdır. Vətən uğrunda şəhid olanlar həmişə yaşayır və yaşayacaq.

Filmin rejissoru V.Mustafayev qeyd edib ki, bununla sadəcə şəhidlərimizin ruhunu şad etməyə çalışıb: "Həmişə Şəhidlər xiyabanına gedəndə oradakı şəhid dostlarımla rastlaşıram. Filmlərdə çalışıram ki, onların ruhlarını şad edim. "Yaddaş" və "Xoca" filmləri ilə onların ruhlarını şad etdim. İndi onlar behiştdə çox rahatdırlar. 20 Yanvar şəhidləri də narahat idilər. Düşünürəm ki, bu filmdən sonra onlar da rahatlaşdılar. O insanlar öz həyatlarını bizə görə qurban veriblər ki, bu gün biz firavan yaşaya bilək".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR