Yaylaq həsrətli tərəkəmələr

17:28 26 Yanvar 2015
258 Ölkə
Ölkə mətbuatı
A- A+


Beyləqan, 26 yanvar, Tahir Ağaməmmədov, AzərTAc
Köçəru həyat tərzi ilə seçilən tərəkəmələr oğuz türkləri olub, tarixən Kür-Araz ovalığında, Mil-Muğan və Şirvan düzlərində yaşayıblar. Əsasən qoyunçuluqla məşğul olan tərəkəmələr yayda otun bol, havanın sərin olduğu yerlərə - yaylaqlara, payızda isə Arana köçürlər.
Beyləqan rayonunun Allahyarlı kənd sakini Şahmurad Şirinov AzərTAc-ın müxbiri ilə söhbətində deyib: “Ata-babadan qoyunçuluqla məşğul olmuşuq. Hər il yay fəslini Kəlbəcər rayonunun gözəl yaylaqlarında keçirər, havalar soyuyanda isə Beyləqana qayıdardıq. Qoyunlar çayların sərin suyundan içib, kəklikotulu çəmənliklərdə otlayardılar. İndi isə yaylaqlarımız işğal altında olduğu üçün o yerlərə gedə bilmirik. Özümüz üçün də, qoyunlar üçün də çətin olmağına baxmayaraq isti yayı Aranda keçirməli oluruq. Necə deyərlər, biz indi yarımtərəkəməyik. Təsərrüfatda 2 min başa yaxın qoyun-quzu var. Əmlik quzulu qoyunları Beyləqan ərazisindəki yataqda, digər qoyunları isə Füzuli rayonunun Haramı ərazisində saxlayırıq. Heyvanların otarılması üçün arpa xəsili və yonca əkirik”.
Tərəkəmələrin daha bir nümayəndəsi-Güllü Aslanova köçəri həyat sürməsələr də, nəsillərdən gələn həyat tərzini unutmadıqlarını deyir: “Çörəyi təndirdə bişiririk. Yaylağa gedəndə isə təndir olmadığı üçün sacda yuxa bişirirdik. Ocaq kimi adətən, qoyun gərməsi və çırpı yandırırıq. Sacı külləyirik ki, yuxanı yandırmasın. Tərəkəmənin heç nədən kasadlığı olmur. Qoyunumuz, ətimiz, südümüz, qatığımız, yağımız, yunumuz bol olur”.
Kənddə evləri, bağları olsa da, tərəkəmələr ömürlərinin böyük hissəsini təbiət qoynunda - sürü qırağında, at belində keçirirlər. Bu həyat tərzi əsrlər keçsə də, nəsildən-nəslə ötürülür, dəyişməz qalır. Bu gün yayı da, qışı da Aranda keçirən tərəkəmələr yenidən yaylaqlara köç edəcəkləri günü səbirsizliklə gözləyirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaylaq_hesretli_terekemeler-827566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR