Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüblər

Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüblər
18:28 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) 46-cı Beynəlxalq Qahirə kitab sərgisində iştirak edən əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğislə görüşüblər.
Misir Milli Tərcümə Mərkəzində baş tutan görüş zamanı F.Hüseyn Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı Ə.Muğnisə məlumat verib və onları mərkəzin bu günə qədər ərəb ədəbiyyatından edilən tərcümələri, eləcə də kataloqu ilə tanış edib.
Fərid Hüseyn AzərTAc-a bildirib ki, görüşdə Azərbaycanda ərəb ədəbiyyatına və mədəniyyətinə olan maraqdan danışıb: “Hazırda mərkəzimizdə Misir ədəbiyyatının görkəmli yazıçısı Nəcib Məhfuzun “Yol” və “Miramar” romanları və hekayələri tərcümə edilir. Bundan başqa, Misir ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan Tofiq əl-Həkim, Mahmud Teymur və s. kimi yazıçıların da yaradıcılığı diqqətdən kənar qalmayacaq”, - deyə Fərid Hüseyn ətraflı məlumat verib.
Daha sonra Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə, eləcə də Misir ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı Misir Milli Tərcümə Mərkəzinin direktoru Ə.Muğis fikirlərini bölüşüb.
O, deyib: “46-cı Qahirə kitab sərgisinə Azərbaycan təmsilçisi kimi məhz Tərcümə Mərkəzinin qatılması qurumun kitaba, nəşr sənətinə və tərcümə sahəsində gördüyü və planlaşdırdığı işlərə yüksək diqqət və qayğının göstəricisidir. Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsi, nəşri və yayımı məsələsində bizim üçün əsas olan yazarların müəlliflik hüququnun Misir Milli Tərcümə Mərkəzinə verilməsidir. Biz də öz növbəmizdə Misir yazıçılarının əsərlərinin Azərbaycancan dilinə tərcüməsi məsələsinin həllində bütün mümkün köməkliyi göstərəcəyik. Bundan başqa, Misirin və Azərbaycanın nəşr edəcəyi kitabların xüsusi nəşriyyat nişanları ilə çapı da vacib məsələdir, çünki belə olduqda birgə layihəmiz kimi biz hər iki ölkədə eyni dərəcədə hüquqlara sahib ola və kitabların yayımı ilə məşğul ola bilərik. Sevindirici haldır ki, təmsil etdiyiniz qurum təkcə bədii ədəbiyyatın yox, digər sahələr üzrə də tərcümə işi ilə məşğul olur. Bu da, əlbəttə ki, bizim əməkdaşlığımızın əhatə dairəsini genişləndirir. Ümid edirəm ki, əməkdaşlığımız xeyirli bəhrəsini verəcək”.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Tercume_Merkezinin_emekdaslari_Misir_Milli_Tercume_Merkezinin_direktoru_ile_gorusubler-827596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR