Azərbaycan XİN: Bütün məsuliyyət Ermənistanın üzərinə düşür

Azərbaycan XİN: Bütün məsuliyyət Ermənistanın üzərinə düşür
18:37 26 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:34 ]

“Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və mövcud “status-kvo”nu saxlamaq məqsədi daşıyır”

Bakı. Məlahət Nəcəfova - APA. “Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev son günlər cəbhədə vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir: “Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud “status-kvo”nu saxlamaq məqsədi daşıyır. Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir. Bütün bu təxribatçı əməllərin fonunda Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı siyasi möhtəkirlik xarakteri daşıyaraq, yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir”.

 

H. Hacıyevin sözlərinə görə, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR