Cəbhə ilə bağlı bəyanat verildi

Cəbhə ilə bağlı bəyanat verildi
18:46 26 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın son təxribat əməllərini şərh edərkən deyib.

O, qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir.

XİN rəsmisi bildirib ki, Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud status kvonu saxlamaq məqsədi daşıyır.

H.Hacıyev deyib ki, Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır: "Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir. Bütün bu təxribatçı əməllərin fonunda Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı siyasi möhtəkirlik xarakteri daşıyaraq, yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir".

O vurğulayıb ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR