Bakı Şəhər İcra Hakimiyyəti ilə Rio de Janeyro meriyası arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı Şəhər İcra Hakimiyyəti ilə Rio de Janeyro meriyası arasında əməkdaşlıq protokolu imzalanıb
18:47 26 Yanvar 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:39 ]


Bakı – APA. Braziliyanın Rio de Janeyro şəhərində “Bakı Şəhər İcra Hakimiyyəti və Rio de Janeyro Şəhəri arasında Əməkdaşlıq Protokolu” imzalanıb.

 

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, sənədi Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və Rio de Janeyro şəhər meriyasının Beynəlxalq əlaqələr departamentinin rəisi Laudemar Agiyar imzalayıblar.

 

Sözügedən sənəd iki şəhər arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur. 

 

Görüş zamanı səfir E. Sultanov Azərbaycanla Braziliya arasında əlaqələrin müxtəlif səviyyələrdə uğurla inkişaf etdiyini bildirib. O, imzalanmış sənədin əhəmiyyətini vurğulayaraq, onun iki şəhər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Sonra səfir Bakı şəhərinin zəngin tarixi və mədəniyyəti, müasir inkişafı habelə, Bakının ev sahibliyi edəcəyi mötəbər beynəlxalq tədbirlər, o cümlədən, I Avropa Oyunları barədə ətraflı məlumat verib.

 

Öz növbəsində L. Agiyar imzalanmış sənədin əhəmiyyətini vurğulayıb. O, Bakının sürətli inkişafının Rio de Janeyro şəhər meriyasında maraq doğurduğunu bildirərək, Bakı və Rio de Janeyro şəhərləri arasında, xüsusilə irimiqyaslı beynəlxalq tədbirlərin təşkilində təcrübə mübadiləsinin faydalı olacağını qeyd edib.

 

Sonra L. Agiyar Rio de Janeyro şəhərinin tarixi, müasirliyi və burada keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunları haqqında danışıb, bu il Rio de Janeyronun 450 illiyinin qeyd edildiyini bildirib.

 

Görüş zamanı Bakı və Rio de Janeyro arasında ikitərəfli əməkdaşlığın konkret perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Sonda səfir E. Sultanov L. Agiyara Bakı şəhərinin tarixini və müasirliyini əks etdirən kitablar və I Avropa Oyunlarına həsr olunmuş  poçt markalarının ilk buraxılışını təqdim edib. L. Agiyar səfirə Rio de Janeyro şəhərinə həsr edilmiş nəşrlər hədiyyə edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR