Nazirlər Kabineti 2016-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanmasına dair Sərəncam qəbul edib

18:53 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə yanvarın 27-də Sərəncam qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Sərəncama əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2015-ci il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2015-ci il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Maliyyə Nazirliyinə tapşırılıb ki, 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2014-cü ilin ilkin statistik məlumatlarını 2015-ci il fevralın 5-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.
Sərəncama əsasən növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsi təmin olunmalıdır.
Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlara dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2015-ci il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2015-ci il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2015-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Maliyyə Nazirliyi 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2015-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2015-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2015-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2015-ci il iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci il dəqiqləşdirilmiş, 2016-cı il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2016-cı il üçün ilkin proqnozlarını 2015-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2015-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bundan başqa, 2016-cı il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2015-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2015-ci il avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.
Vergilər Nazirliyinin regional və yerli bölmələrinə Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2015-ci il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2015-ci il iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri orqanları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2015-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2015-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bundan başqa, dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2015-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2015-ci il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyi “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2015-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2015-ci il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
Sərəncama əsasən bələdiyyələrə tövsiyə edilməlidir ki, yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi, həmçinin dövlət büdcəsindən yerli büdcələrə, maliyyə yardımı (dotasiya) və subvensiya ayrılması üçün təkliflərini martın 15-dək və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2015-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılır və bələdiyyələrə tövsiyə edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2016-cı il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2015-ci il martın 1-dək Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2015-ci il iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidirlər.
Bundan başqa, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etmələri tapşırılıb.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR