Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən sabiq hakimin məhkəməsi davam etdirilib

18:57 26 Yanvar 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:51 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Vəkil İradə Cavadovanın APA-ya verdiyi məlumata görə, prosesdə şahid qismində dindirilən Qurban Mustafabəyli bildirib ki, onun atası universitetlə bağlı probleminin həll olunması üçün Həsən Əliyevə 6 min manat verib. Daha sonra prosesdə zərərçəkmiş Ramazan Səlimovun həyat yoldaşı Gülnarə Səlimova ifadə verib. G. Səlimova Həsən Əliyevin həyat yoldaşından işə düzəltmək adı ilə külli miqdarda pul aldığını deyib.

 

Məhkəmə zamanı əlavə şahidlərin prosesə çağırılaraq dindirilməsi barədə vəsatətlər də verilib. Həmin vəsatətlərdən bir neçəsi təmin edilib.

 

Proses fevralın 9-da davam etdiriləcək.

 

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.  

 

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevinqanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR