"Beynəlxalq Yaşıl Həftə - 2015" sərgisi başa çatıb

"Beynəlxalq Yaşıl Həftə - 2015" sərgisi başa çatıb
19:03 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Berlində keçirilən ənənəvi "Beynəlxalq yaşıl həftə-2015" ("Green Week 2015") sərgisi başa çatıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunub. Sərgiyə 20-dən çox yerli şirkət qatılıb.
Azərbaycanın artıq 8-ci dəfə iştirak etdiyi sərgiyə bu il də maraq böyük olub. Sərginin açılışında Latviya Respublikasının Prezidenti Andris Berzinş, Almaniya Federativ Respublikasının ərzaq və kənd təsərrüfatı naziri Kristian Smidt və Almaniyanın 70-ə yaxın aidiyyəti qurumunun nümayəndəsi iştirak edib.
Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, tədbir iştirakçılarına ölkəmizin investisiya və biznes imkanları barədə, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat verilib. Sərgini ziyarət edənlərə Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər təqdim olunub.
Sərgidə iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Avropa İttifaqının rəhbər şəxsləri, o cümlədən bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşərək kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edib, kənd təsərrüfatı nazirlərinin yeddinci Kənd Təsərrüfatı və Qida Forumuna qatılıb.
Qeyd edək ki, bu il sərgidə dünyanın 68 ölkəsindən 1660-dan çox müəssisə və 5000-dək KİV nümayəndəsi iştirak edib. Sərginin gün ərzində orta hesabla 20 mindən çox ziyarətçisi olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR