Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüblər

Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüblər
19:47 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 19:45 ]


Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin 46-cı Beynəlxalq Qahirə Kitab sərgisinə ezam olunan əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğislə görüşüblər.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, Misir Milli Tərcümə Mərkəzində baş tutan görüş zamanı F. Hüseyn Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı Ə. Muğisə məlumat verib və Mərkəzin bu günə qədər ərəb ədəbiyyatından edilən tərcümələri, eləcə də kataloqu ilə tanış edib.

 

F. Hüseyn Azərbaycanda ərəb ədəbiyyatına və mədəniyyətinə olan maraqdan danışıb: “Hazırda Mərkəzimizdə Misir ədəbiyyatının görkəmli yazıçısı Nəcib Məhfuzun “Yol” və “Miramar” romanları və hekayələri tərcümə edilir. Bundan başqa, Misir ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan Tofiq əl-Həkim, Mahmud Teymur və s. kimi yazıçıların da yaradıcılığı diqqətdən kənar qalmayacaq”.

 

Misir Milli Tərcümə Mərkəzinin direktoru Ə. Muğis isə Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə, eləcə də Misir ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı fikirlərini bölüşüb: “46-cı Qahirə Kitab sərgisinə Azərbaycan təmsilçisi kimi məhz Tərcümə Mərkəzinin qatılması qurumunuzun kitaba, nəşr sənətinə və tərcümə sahəsində gördüyünüz və planlaşdırdığınız işlərə yüksək diqqət və qayğının göstəricisidir. Buna görə rəhbərliyinizə və sizə təşəkkür edirəm. Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsi, nəşri və yayımı məsələsində bizim üçün əsas olan yazarların müəlliflik hüququnun Misir Milli Tərcümə Mərkəzinə verilməsidir. Biz də öz növbəmizdə Misir yazıçılarının əsərlərinin Azərbaycancan dilinə tərcüməsi məsələsinin həllində bütün mümkün köməkliyi göstərəcəyik. Bundan başqa, Misirin və Azərbaycanın nəşr edəcəyi kitabların xüsusi nəşriyyat nişanları ilə çapı da vacib məsələdir, çünki belə olduqda, birgə layihəmiz kimi hər iki ölkədə eyni dərəcədə hüquqlara sahib ola və kitabların yayımı ilə məşğul ola bilərik”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR