Yeni subartezian quyuları Zaqatalada əkin sahələrinin su təminatını yaxşılaşdıracaq

Yeni subartezian quyuları Zaqatalada əkin sahələrinin su təminatını yaxşılaşdıracaq
20:08 26 Yanvar 2015
220 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 26 yanvar, Mustafa Dadaşov, AzərTAc
Rayon yerlərində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya olan tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, son illər Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına respublikanın ayrı-ayrı rayonlarının yaşayış məntəqələrində yüzlərlə yeni subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Şəki Subartezian Quyularının İstismarı İdarəsinin Zaqatala istismar sahəsinin rəisi Ömər Qardaşov AzərTAc-a eksklüziv müsahibəsində indiyədək rayonda bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Sahə rəisinin bildirdiyinə görə, Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 29-da imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, ötən il Zaqatala rayonunun ərazisində 18 ədəd subartezian quyusu qazılıb. Bu quyulardan 6-sı artıq əhalinin istifadəsindədir. Yaxın bir ay ərzində digər quyular üçün də texniki şərt alınaraq əhalinin istifadəsinə veriləcək. Bu subartezian quyuları əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaqla bərabər, 600 hektara yaxın əkin sahəsinin suvarılmasını da təmin edəcəkdir.
Qurumun rəsmisinin bildirdiyinə görə, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı yeni Sərəncama əsasən, 2015-ci ildə Zaqatala rayonunun ərazisində daha 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Qazılacaq quyuların yerləri artıq müəyyənləşdirilib və hazırda layihələndirmə işləri aparılır. Yaxın iki ay ərzində bu quyuların da qazılmasına başlanılacaq. Bu subartezian quyularının istismara verilməsi nəticəsində əlavə olaraq 400 hektara yaxın torpaq sahəsinin suvarılması təmin olunacaq.
Ömər Qardaşov deyir ki, ümumiyyətlə, 2014-cü ilədək Zaqatala rayonunun ərazisində 79 ədəd subartezian, 66 ədəd isə artezian quyusu mövcud olub. Bu quyuların əksəriyyəti son illərdə istifadəyə verilib. Mövcud subartezianlar bir ay ərzində 700 min kubmetrdən çox su çıxarır. Bu quyular ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, rayonun bütün kəndlərini əhatə edir. Subartezian quyuları əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Görülən işlər əhali tərəfindən də böyük razılıqla qarşılanır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_subartezian_quyulari_Zaqatalada_ekin_sahelerinin_su_teminatini_yaxsilasdiracaq-827654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR