Nizami Gəncəvi ərəb mənbələrində

21:53 26 Yanvar 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Qahirə Açıq Amerika Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsinin doktorantı Seymur Nəsirovun “Nizami Gəncəvi ərəb mənbələrində” mövzusunda yazısı müəllifin Qahirə kitabxanalarında apardığı araşdırmaların nəticəsi kimi qələmə alınıb. Həmin yazını AzərTAc-ın oxucularına təqdim edirik.
Ərəb mənbələrində Gəncə şəhərinin adı bir neçə formada ifadə olunur: Cənzə, Kəncə və s. Bu şəhərə mənsub olan tanınmış insanlar adətən Gəncənin adini özlərinə təxəllüs olaraq götürmüşlər. Böyük alim əs-Səməani “əl-Ənsab (Nəsəblər)” kitabında yazır: “əl-Cənzi Azərbaycanın məşhur şəhərlərindən biri Cənzəyə (Gəncəyə) mənsubdur”. O bu şəhərə mənsub olan alimlərdən bir neçəsinin adını qeyd edərək onların barəsində çox maraqlı məlumatlar yazır. Bunlardan İbrahim ibn Məhəmməd əl-Cənzi, Abu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini misal göstərmək olar. “Taudihu əl-Muştəbəh (Şübhələrin aydınlaşdırılması)” kitabında belə yazılır: “əl-Cənzi, Cənzəyə mənsubdur, o elə Gəncədir”. Bu kitabın başqa bir səhifəsində “əl-Cənzəvi Cənzəyə (Gəncə) mənsubdur” deyilir.
XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini "Əsar ül-biləd və əxbər ül-ibəd" əsərində Azərbaycanın Gəncə şəhərindən söhbət açarkən yazır ki, Cənzə (Gəncə), gürcülərə yaxın, müsəlmanların yaşadıqları yenilməz, qədim, Arran şəhərlərindən biridir. Bolluq şəhəridir. Əhalisi dindar və xeyirxahdır. Onların əksəriyyəti silahdan istifadə etməyi bacarır və s. O, Gəncədən danışarkən Nizami Gəncəvidən də söhbət açır: “Dahi və müdrik şair Əbu Məhəmməd Nizami bu şəhərdəndir”. Qəzvini, Əbu Məhəmməd Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun", "Sirlər xəzinəsi" və "Yeddi gözəl" kimi əsərlərinin olduğunu, müəllifin “Xosrov və Şirin” əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözlərindən və gözəl hekayələrdən çox istifadə etdiyini yazır. O bu əsərin səlcuq sultanı Toğrul Arslan oğlu üçün yazıldığını, sultanın isə şeirə və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələrin yayılması ilə onu məşhurlaşdırdığını qeyd edir. Kitabın müəllifi “Leyli və Məcnun” əsərinin isə Şirvan şahının istəyi ilə onun üçün yazıldığını və bu əsərin analoqu olmadığını vurğulayır. Dahi Nizaminin hicri tarixi ilə təqribən 590-cı ildə vəfat etdiyi göstərilir.
XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə “Kəşf əz-Zunun (Şübhələri üzə çıxarmaq)” əsərində Xəmsə (beş) divanları ilə məşhur olanların adlarını çəkərək yazır: “Onlardan biri də Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir” (ərəb dilində “g” hərfi olmadığından onu “c” və ya “k” hərfləri ilə ifadə edirlər).
XX əsrin ortalarında yaşamış doktor Əbdunnəim Həsəneyn “Fəzilət şairi Nizamı Gəncəvi” əsərində VI və VII əsrin əvvəllərində Azərbaycanın Gəncə şəhərində yaşamış Nizami Gəncəvinin şahlara şeir və mədhiyyələr yazmağına baxmayaraq, o dövrdə ətrafında baş verən hadisələr səbəbindən daha çox tənhalığa üstünlük verdiyini yazır. O, şairin hər zaman yaxşı və xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə və vəfalı olmağa çağırdığını, həmçinin zülmdən şikayət etdiyini bildirir. Müəllif böyük ehtimalla şairin hicri tarixi ilə 539–cu ildə doğulduğunu, 608-ci ildə vəfat etdiyini göstərir.
Araşdırma əsnasında rast gəlinən bir neçə mənbədə ərəb şairləri də Nizamidən ilham aldıqlarını qeyd edirlər. Lakin bu mənbələrdə Nizaminin haralı olduğu haqqında heç bir məlumat verilmir. Nizami çox böyük bir şair olduğundan və əsərlərini Azərbaycan dilində yazmadığından, bəzi xalqlar onun azərbaycanlı olmadığını sübut etməyə, özününküləşdirməyə çalışırlar. Lakin Nizaminin əsərlərinin ruhuna bələd olan hər kəs aşkar görür ki, bu dahi şair və mütəfəkkir Azərbaycan xalqına mənsubdur, azərbaycanlıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Gencevi_ereb_menbelerinde-827684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR