Neft və krallar: qiymətlər necə dəyişib...

Neft və krallar: qiymətlər necə dəyişib...
22:22 26 Yanvar 2015
513 Dünya
Ölkə mətbuatı
A- A+

Son zamanlar durmadan ucuzlaşan neftin qiymətlərində ötən həftə nisbi yüksəliş baş verdi. Birjalarda “qara qızıl”ın 2-3 faiz arasında bahalaşmasına səbəb Səudiyyə Ərəbistanından gələn xəbərlər idi. Dünyanın ən iri neft ixracatçısı olan ölkədə sülalə hakimiyyətinin rəhbəri - kral 91 yaşında vəfat etmişdi.

Doğrudur, yeni kral dərhal elan etdi ki, Səudiyyə Ərəbistanı neftə dair siyasətini dəyişməyəcək, yəni qiymətlərin ucuzlaşmasına baxmayaraq hasilatı azaltmayacaq və nəticədə neftin qiymətindəki nisbi yüksəliş müvəqqəti xarakter daşıdı.

Bununla belə, Səudiyyə Ərəbistanında verilən qərarlar və baş verən mühüm hadisələr həmişə neftin qiymətlərinə təsir edən ən ciddi amillərdən biridir.

Bunu nəzərə alan lenta.ru portalı Səudiyyə Ərəbistanı dövlətinin bütün tarixi boyu neftin qiymətlərində baş verən dəyişikliklərin maraqlı təhlilini hazırlayıb. Milli.Az virtualaz.org-a istinadən həmin yazının tərcüməsini oxuculara çatdırır:

***

Abdullanın - Səudiyyə Ərəbistanının 6-cı kralının ölümü neftin qiymətinin azacıq da olsa artımına səbəb oldu. Dünyada sübut olunmuş neft ehtiyatlarının az qala dörddə birinə malik olan ölkədə baş verən hadisələr enerjidaşıyıcıları bazarında qiymətlərə təsirsiz ötüşə bilməz.

Bəs Səudiyyə sülaləsinin müxtəlif krallarının hakimiyyətləri dövründə neftin qiyməti necə dəyişib?

Kiminə müharibə, kiminə də...

XVIII əsrin ortalarında Ərəbistanın qəbilə liderlərindən biri Məhəmməd ibn Səud bizim vəhhabilik kimi tanıdığımız dini cərəyanın - vəhhabiliyin əsasını qoymuş Məhəmməd ibn əl-Vəhhabı öz himayəsi altına aldı. Bu gün vəhhabilik Səudiyyə Ərəbistanında yeganə rəsmi dindir. Səudiyyəlilər Ərəbistan yarımadasını üç dəfə öz hakimiyyətləri altında birləşdiriblər.

XVIII əsrin ikinci yarısında yaranan ilk Səudiyyə dövlətini XIX əsrin əvvəllərində Osmanlı imperiyası çökdürdü. 1820-ci illərin sonlarında yaranan ikinci Səudiyyə dövləti isə təxminən 60 il sonra rəqib sülalə - Rəşidilər tərəfindən dağıdıldı.

İndiki Səudiyyə Ərəbistanı krallığı isə 1932-ci ildə yaranıb. Onu Səudiyyə sülaləsinin o vaxtkı rəhbəri Əbdül Əziz əl-Səud yaradıb. O, uzun çəkən müharibədən sonra Nec və Hicaz dövlətlərini birləşdirərək özünü Səudiyyə Ərəbistanı krallığının monarxı elan etdi.

Tezliklə II dünya müharibəsi başladı. Mexanikləşdirilmiş hərbi texnikadan kütləvi istifadə böyük həcmdə yanacaq tələb edirdi. Neftə olan tələbat daim artırdı. O vaxtlar Ərəbistan yarımadası ərazisində sənaye üsulu ilə neft hasil edilmirdi. 1933-cü ildə kral İbn Səud Amerikanın neft şirkətlərinə ölkə ərazisində neft yataqlarının kəşfiyyatı və hasilatı üçün icazə verdi.

Artıq 1938-ci ilin martında Səudiyyə Ərəbistanında nəhəng həcmdə neft ehtiyatları kəşf olunmuşdu. Ancaq bu ehtiyatların hasilatına müharibənin başa çatmasından sonra - 1946-cı ildə başlamaq mümkün oldu. Hasilatı Britaniya və Hollandiya kapitalına malik şirkətlər həyata keçirirdi. 1949-cu ildə isə krallıqda neft sənayesi formalaşdı.

O vaxta əsas gəlir mənbəyi müsəlmanların Həcc ziyarəti olan gənc dövlət əsl qızıl balıq əldə etmişdi. Kral əsas neft yataqlarının hasilatı hüququnu Amerikanın “Standard Oil of California” şirkəti ilə birgə təsis edilmiş “Aramko” şirkətinə verdi. Hasil olunan neftin böyük hissəsi ABŞ-a gedirdi, gəlirin demək olar ki, hamısı birbaşa kral ailəsinin cibinə axırdı.

Səudilər sülaləsi dünyada ən varlı sülaləyə çevrildi. Kral Əbdül Əziz öləndə onun sərvəti 200 milyon dollara yaxın idi. O vaxt neftin bir barreli cəmi 2 dollara satılırdı. Kral 1953-cü ildə, Stalinlə eyni ildə öldü.

Tayfabazlıq

Səudiyyə dövlətinin əsasını qoyan kralın ölümündən sonra taxt-taca onun oğullarından biri - Səud sahibləndi. O, özünün çoxsaylı oğullarını müxtəlif nazir postlarına və digər dövlət vəzifələrinə yerləşdirirdi.

Yeni kralın hərəmxanasında saxlanılan çoxsaylı arvadlardan olan oğullarının sayı isə 115 idi. Bu qohumbazlıq Səudun qardaşlarını (onlar isə 36 nəfər idi) xeyli qıcıqlandırırdı.

Nəticədə narazı qardaşlar çevriliş təşkil etdilər və Səud devrildi. Onu məcbur etdilər ki, səlahiyyətlərini qan qardaşı Feysələ versin. Bu saray çevrilişi 1964-cü ildə baş verdi. Maraqlıdır ki, elə həmin il SSRİ-də Nikita Xruşşovu hakimiyyətdən uzaqlaşdırdılar.

II kralın dövründə neftin qiymətləri demək olar ki, dəyişmədi və bir barrel üçün 2 dollar səviyyəsində qaldı.

Neftlə müharibə

Kral Feysəl düz 1973-cü ilə qədər neftin barrelini 2-3 dollardan satdı. Həmin il ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Suriya və Misir “altı günlük müharibə” dövründə itirilmiş əraziləri geri qaytarmağa çalışdılar. Ancaq İsrail qalib gəldi. Ərəb ölkələri isə düşmənə böyük zərbə vursalar da öz məqsədlərinə nail olmadılar.

Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri elan etdilər ki, onlar bu müharibədə İsraili dəstəkləyən ölkələrə neft satışını dayandırırlar. Bu isə əsasən ABŞ-a və Qərbi Avropa ölkələrinə aid idi.

Nəticədə dünya bazarlarında neft təklifi kəskin azaldı, qiymətlər isə 3 dollardan 12 dollara sıçradı.

Əsas neft ixracatçıları olan ölkələrin, əsasən də Səudiyyə Ərəbistanının başlatdığı qlobal energetika böhranı nəticəsində dünya iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Sovet İttifaqından dünya bazarlarına neft ixracı başladı. Sovet nefti o qədər də təmiz deyildi və keyfiyyətinə görə ərəb neftindən geri qalırdı, buna baxmayaraq yaxşı alternativ idi.

Bundan əlavə Qərb ölkələrində enerjiyə qənaət edən texnologiyaların tətbiqi genişləndi.

Nəhayət, 1975-ci ildə kral Feysəli onun qohumu, şahzadə Feysəl ibn Musaid güllələdi. O, kraldan qardaşının qisasını alırdı. Qatilin başını kəsməklə edam etdilər.

Sülh-dostluq-saqqız

Növbəti monarx, kral Xalid ABŞ-la yaxşı münasibətləri bərpa etdi və neft sənayesində müasir infrastruktur yaratdı. Ancaq neft ucuzlaşmadı. Əksinə, onun hakimiyyəti dövründə qiymətlər yeni səviyyəyə qalxdı. Bu da İranda baş vermiş İslam inqilabının nəticəsi idi. Neftin qiyməti bir saatın içində 13-14 dollardan 32 dollara sıçradı.

1982-ci ildə kral Xalid ürək tutmasından öldü. Taxt-taca onun qardaşı, hakim sülalənin əsasını qoyan Fəhd sahibləndi. Neftin qiyməti aşağı düşdü.

Bu da bir neçə amillə izah edilirdi. Birincisi, Qərbdə enerjiyə qənaət texnologiyalarının geniş tətbiqi sayəsində neftə olan tələbat xeyli azaldı, insanlar daha qənaətcil maşınlara oturdular, alternativ resurslardan - təbii qaz və nüvə enerjisindən geniş istifadə etməyə başladılar.

Ən başlıcası isə OPEC-ə daxil olmayan ölkələrdə hasilat artdı. Böyük Britaniya və Norveç Şimal dənizində neft hasil etməyə başladı. Kanada ağır neftin emalına girişdi.

Formal olaraq hasilatı sutkada 3,5 milyon barrel azaltmaq qərarı verən OPEC ölkələri isə bu qərara əməl etmədilər. Neftin qiymətini nizamlamaq funksiyasını öhdəsinə götürən Ər-Riyad bundan bərk məyus oldu.

Nəticədə 1985-ci ildə kral Fəhd tarixi qərar verərək OPEC-in kvotalarına məhəl qoymayacaqlarını elan etdi və neft nasosunu tam gücü ilə işə saldı.

Kütləvi ədəbiyyatda dəfələrlə iddia edilib ki, bu qərar SSRİ-nin iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq istəyən ABŞ-la razılaşdırılmışdı. Ancaq bu versiyanı sübuta yetirmək üçün tutarlı dəlil yoxdur. Üstəlik o dövrlərin məntiqinə görə də bu sövdələşmə şübhəlidir.

Kral Fəhd ABŞ-ın sadiq müttəfiqi idi, lakin öz ölkəsinin iqtisadi maraqlarını böyük qısqanclıqla qoruyurdu.

Ehtimal var ki, Fəhdin qərarı daha çox OPEC-dəki yoldaşları, o cümlədən neftin maya dəyərinin daha yüksək olduğu digər rəqibləri cəzalandırmağa yönəlmişdi. Bu plan işlədi. Hər şeydən əvvəl ABŞ-da neft sənayesi güclü zərbə aldı. İstər bu, istərsə də digər səbəbdən olsun, ancaq 1986-cı ildə dünya birjalarında neftin qiyməti iki dəfədən çox ucuzlaşdı və bir barrel üçün təxminən 11 dollar səviyyəsinə endi. 12 ildən çox idi ki, neft belə ucuz satılmırdı.

Reallıqda isə ucuzlaşma daha güclü idi. Çünki indinin pulu ilə 100 dollar 1981-ci ilin 30 dollarına bərabər sayılır.

Kral Fəhdin hakimiyyətinin çox hissəsi beləcə ucuz neft dövründə keçdi. Yalnız bir dəfə - 1991-ci ildə İraqdakı müharibə zamanı neft yenidən bahalaşaraq 45 dollar oldu (indiki qiymətlərlə 60 dollar). Tezliklə qiymətlər yenə endi və 1990-cı illərin sonlarına qədər nisbətən aşağı səviyyədə qaldı. 1998-ci ilin Asiya iqtisadi böhranı dövründə isə lap dibə endi.

Buna baxmayaraq səudiyyəlilər ucuz neftlə də varlanırdılar. Onlarda neftin maya dəyəri o qədər cüzi idi ki, aşağı qiymətlərə baxmayaraq yaxşı gəlir götürmək olurdu.

Bundan əlavə, məhz kral Fəhdin hakimiyyəti dövründə Səudiyyə Ərəbistanı misli görünməmiş iqtisadi sıçrayış əldə etdi. 80-90-cı illərdə bu dövlət bədəvilər ölkəsindən ərəb dünyasının qlamur vitrininə çevrildi. İnfrastruktura yüz milyardlarla dollar yatırıldı. Fəhdin dövründə hətta iqtisadiyyatı diversifikasiya etmək cəhdləri göstərildi. Yeri gəlmişkən, bu cəhdlər o qədər də uğur gətirmədi.

Kral Fəhd 2005-ci ildə 85 yaşında vəfat etdi. Faktiki olaraq həmin vaxta qədər ölkəni bir neçə il ərzində onun kiçik qardaşı Abdulla idarə edirdi. Elə tacı da o miras aldı. Həmin vaxtlar neft bazarında qiymətlər kardinal şəkildə dəyişmişdi. 1990-cı ilin sonlarına doğru meydana yeni iri istehlakçılar - Çin başda olmaqla inkişaf etməkdə olan ölkələr çıxdı.

Və 1999-cu ildən başlayaraq qiymətlər irəli tərpəndi. O vaxt tələbatın artması ilə yanaşı təklif də azalırdı. Meksika, Böyük Britaniya, Norveç kimi ölkələrin ehtiyatları tükənirdi. Rusiya hasilatı artırdı, ancaq hasil etdiyi neft yeni sənaye nəhənglərinin tələbatını ödəyə bilmirdi.

2005-ci ilin əvvəllərinə doğru neftin qiyməti 50 dollar həddini keçdi, 2008-ci ilin yayında isə 148 dollara “uçdu”.

Səudiyyə Ərəbistanı bu cür yüksək qiymətləri saxlamaq üçün xüsusi səy göstərmirdi. Yataqlardan nefti tam gücü ilə olmasa da buna yaxın səviyyədə hasil edirdilər. Neft hasilatı pik həddinə çatdı və Körfəz ölkələri öz büdcələrini neftin qiymətini 90-100 dollardan götürməklə tərtib etməyə başladılar. Ancaq səudiyyəlilər bazara əlavə təsir rıçaqlarını saxlamaq üçün qənaət etməyə qərar verdilər.

Onlar bu imkanlarından bizim gözlərimiz qarşısında - 2014-cü ildə də istifadə etdilər. Yarım il ərzində neftin qiymətləri düz 1986-cı ildə olduğu kimi yarıbayarı azaldı. Ən maraqlısı odur ki, səudiyyəlilərin motivləri də oxşardır: hər şeydən göründüyü kimi, onlar yenə də rəqibləri bazardan vurub çıxarmaq istəyirlər. İlk növbədə ötən 10 ildə şist nefti hasilatını artıran amerikalıları.

Ər-Riyad kompromissiz olaraq bildirdi ki, nə qədər istəsə, o qədər neft hasil edəcək, qiymətlər isə ümumiyyətlə onu maraqlandırmır.

Hesablama onadır ki, rəqib ölkələrin sənayesi bu şoka davam gətirməyəcək və Səudiyyə Ərəbistanı neft bazarında hegemonluğunu bərpa edəcək. Əlbəttə, neft gec-tez yenə bahalaşacaq, ancaq ABŞ və Kanadada neft hasilatını yenidən bərpa etmək üçün xeyli vaxt və kapital tələb olunacaq.

Yeni monarx Salman böyük qardaşının həyatının son aylarında seçdiyi bu kursu davam etdirəcəkmi?

Demək çətindir (kral Salman artıq elan edib ki, neft hasilatını azaltmayacaq-red.). Səudiyyə Ərəbistanı indiki qiymətlərə, hətta daha aşağı qiymətə tab gətirmək üçün böyük ehtiyatlara malikdir. Ancaq burası aydındır ki, yaxın 20 ildə Ər-Riyaddakı istənilən hökmdar qara qızılın qiymətinin dəyişməsində əsas amil olaraq qalacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR