Prezident İlham Əliyev: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir”

Prezident İlham Əliyev: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir”
00:42 27 Dekabr 2014
130 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 00:34 ]

Bakı – APA. “Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Bakıda Heydər məscidinin açılışında çıxış edərkən deyib.

 

Dövlət başçısı deyib ki, bu gün ölkənin həyatında çox əlamətdar və tarixi bir gündür: “Bu gün biz Azərbaycanın ən böyük məscidi olan Heydər məscidinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün ölkəmizin hər bir rayonundan dindarlar, ictimai xadimlər, nümayəndələr gəlmişlər və bu mərasimdə iştirak edirlər. Eyni zamanda, Şimali Qafqaz müftiləri də bizim qonaqlarımızdır. Mən onları səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib bugünkü mərasimdə iştirak etdiklərinə görə onlara minnətdaram. Onların bu mərasimdə iştirakı Qafqaz müsəlmanlarının birliyini bir daha təsdiq edir”.

 

Prezident İ.Əliyev  qeyd edib ki, məscidin açılışı tarixi hadisədir: “Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət edib. Onun rəhbərliyi altında hələ sovet dövründə - 1970-1980-ci illərdə Azərbaycanda böyük inkişaf prosesi getmişdi. Azərbaycan qabaqcıl respublikaya çevrilmişdi. Məhz o illərdə yaradılan böyük sənaye potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafına xidmət göstərir. Müstəqillik dövründə Ulu Öndərin xalq qarşısında əvəzolunmaz xidmətləri olmuşdur. Hətta müstəqilliyə qədər olan dövrdə müstəqilliyə aparan yola da Heydər Əliyev birinci qədəm qoyub. Məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdi. Eyni zamanda, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulmuşdu. O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir”.

 

Dövlət başçısı xatırladıb ki, Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdir: “Yüzlərlə məscid təmir edilmişdi. Ulu Öndər müqəddəs Kəbənin içində namaz qılmışdı. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdu. Yəni, o illərdə milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi. Çünki indi bizim güclü iqtisadiyyatımız var. Siyasi dayaqlarımız da möhkəmdir. Ən önəmlisi, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid yanaşma, vahid mövqe var. İctimai-siyasi vəziyyət müsbətdir və əlbəttə ki, dövlət-din münasibətləri burada böyük rol oynayır”.

 

Prezident İ. Əliyevin sözlərinə görə, Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir: “ Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata bilib. Bunu bütün mötəbər beynəlxalq qurumlar qeyd edir. İqtisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin həlli, insanlara göstərilən diqqət, regionların inkişafı, bütün bunlar reallıqdır. İnfrastruktur layihələri, sosial layihələr, iqtisadi inkişaf, yoxsulluğun, işsizliyin aradan qaldırılması, bütün bunlar Azərbaycan reallıqlarıdır. Bütün bunlara biz o qədər də asan olmayan beynəlxalq vəziyyətdə nail olmuşuq. Dünyada indi maliyyə-iqtisadi böhranın artıq ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır.”.

 

Dövlət başçısı vurğulayıb ki,  Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə möhkəmlənir: “ Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir”.

 

İ.Əliyev qeyd edib ki, Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir: “O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq. Dəfələrlə demişəm, Ulu Öndərin adını daşıyan möhtəşəm məsciddə bir daha demək istəyirəm ki, Azərbaycan müstəqillik yolu ilə gedir, müstəqil siyasət aparır, öz məsələlərini özü həll edir. Mənim üçün prezident kimi əsas vəzifə xalqın etimadını doğrultmaqdır, xalqa xidmət etməkdir. Mən bütün dövlət məmurlarını dəfələrlə buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm. Demişəm ki, biz hamımız - prezident başda olmaqla xalqın xidmətçiləriyik. Budur bizim vəzifəmiz. Azərbaycanda bütün azadlıqlar - mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.

 

Dövlət başçısı vurğulayıb ki, son 11 il ərzində Azərbaycanda 250-yə yaxın məscid tikilib və ya təmir edilib: Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi onların arasındadır. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində təmir-bərpa işləri aparılır. Azərbaycanda digər başqa dinlərin məbədləri, o cümlədən dövlət vəsaiti hesabına tikilir, təmir edilir. Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti hesabına tikilmişdir, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmiri işlərində dövlət öz dəstəyini vermişdir. Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilibdir. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz. Azərbaycanda təhlükəsizlik tam şəkildə təmin edilib. İctimai iqlim müsbətdir. Burada dövlət-din münasibətləri və dinlərarası münasibətlər xüsusi yer tutur. Bu gün bu, belədir, sabah da belə olacaqdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk”.

 

İ.Əliyev qeyd edib ki, bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür: “Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk. Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir”.

 

Azərbaycan prezidenti ölkənin qarşısında duran bütün vəzifələrin uğurla icra ediləcəyinə əmin olduğunu bildirib:  “O cümlədən ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR