Azərbaycan həqiqətləri Niderlandda təqdim olunub

02:23 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxındır fəaliyyət göstərən “Nivon” İctimai Birliyi ilə birgə tədbir keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, tədbirdə Azərbaycan həqiqətləri foto, video və şifahi məlumatlarla yerli ictimaiyyətin diqqətinə çatdırılıb və maraqlı qarşılanıb. Əvvəlcə “Nivon” təşkilatın rəhbəri İngeborg Barnhoorn tədbir iştirakçılarına “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında qısa məlumat verib.
Daha sonra Niderlandda yaşayan gənclər iştirakçılara holland dilində Azərbaycan haqqında ətraflı məlumat verib, Azərbaycan tarixinin maraqlı və şanlı səhifələri ilə yanaşı, qanlı məqamlarını da faktlar və fotolarla təqdim ediblər. Bir neçə gün öncə 25 illiyi qeyd edilən 20 Yanvar hadisələri isə xüsusi vurğulanıb. Gənclər hadisənin səbəbləri, siyasi motivləri, xalqımızın başına gətirilən qanlı olaylar və eləcə də bu illər ərzində Azərbaycan xalqının və hökumətinin öz şəhidlərinə, azadlıq qurbanlarına göstərdiyi hörmət və ehtiram, bu hadisələrdən çıxarılmış nəticələr barədə geniş danışıblar. Gənc diaspor nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın 20 faiz torpağının hələ də işğal altında qalması kimi faktları da tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
“Ana Vətən” Birliyinin dəvəti ilə tədbirə qatılan müstəqil niderlandlı jurnalist Xert van Dam Azərbaycana səfərindən sonra qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıqları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə yerli mətbuatda dərc etdirdiyi yazıları ilə tanınır. Tədbirdə çıxış edən X.Dam azərbaycanlıların başına gətirilən müsibətlərdən danışıb, Azərbaycanla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin digər iştirakçısı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olan yazıçı-jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda həmin kitabın təqdimatını keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi abidələrimizdən, palçıq vulkanlarından, hətta Naftalanın möcüzəvi neftindən söhbət açan yazıçı-jurnalist azərbaycanlıların mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb. J.Kruz eləcə də Dağlıq Qarabağ probleminin Azərbaycan xalqımıza vurduğu maddi-mənəvi, psixoloji zərbələrdən danışıb və hər zaman haqqın qalib gələcəyinə inamını ifadə edərək xalqımızı səbirli olmağa çağırıb.
Tədbirdə Azərbaycanın müasir inkişafından bəhs edən sənədli film nümayiş olunub.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR