Avropa Rusiyadan Şevçenkonu tələb edir

Avropa Rusiyadan Şevçenkonu tələb edir
05:26 27 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) həbs edilmiş Ukrayna pilotu Nadya Şevçenkoya beynəlxalq toxunulmazlıq verib.

ANS PRESS-in məlumatına görə, bununla bağlı olaraq AŞPA Şevçenkonun Rusiya həbsxanasından dərhal azad edilməsinə çağırıb.

Şevçenko 45 gündür aclıq edir, səhhətinin təhlükəli həddəcən pisləşdiyi deyilir. Onun azadlığa buraxılması tələbilə etiraz aksiyaları keçirilir, Twitter-də ona dəstək kampaniyası aparılır.

Pilotun vəkili Mark Feigin Rusiya prezidenti Vladimir Putinə məktub yazlb. “ Exo Moskvı” radiosunun saytında çap olunan məktubda deyilir ki, Şevçenkonun həyatını xilas etmək üçün “dəhşətli dərəcədə az vaxt qalıb”.

AŞPA-nın qış sessiyasının ilk iclasında Şevçenkonun Ukrayna nümayəndə heyətinin üzvü olaraq səlahiyyətləri təsdiqlənib və ona toxunulmazlıq hüququ verilib.

Assambleya bildirir ki, bu toxunulmazlıq Rusiya üzərinə öhdəlik qoyur ki, Şevçenkonu Moskvadakı təcridxanadan azadlığa buraxsın. Onu Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə ittiham edirlər.

Bundan əvvəl Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin demişdi ki, Şevçenkonun aqibəti ilə bağlı qərar vermək Rusiyanın ədliyyə sisteminin işidir: “Kiminsə günahkar olub-olmamasını məhkəmə müəyyən edir. Əgər məhkəmə qərar versə ki, o günahsızdır, onda azadlığa buraxılacaq”.

33 yaşlı Şevçenko Ukraynada aviasiya akademiyasını bitirmiş ilk qadınlardandır. O deyir ki, Ukraynanın şərqində rusiyameylli separatçılar tərəfindən oğurlanaraq qanunsuz olaraq Rusiyaya verilib.

Moskvada onu təcridxanaya salmamışdan əvvəl 1 ay ruhi xəstəxanada saxlayıblar.

Keçmiş baş nazir Yulia Timoşenkonun “Batkivshina” Partiyasından qiyabi olaraq deputat seçilmiş Şevçenko təcridxanada ölüm aclığı aksiyası keçirir. Ona zorla ilıq su və qlükoza qəbul etdirilir.

Vəkili və yanında olmuş yaxınları deyirlər ki, pilot qadın çox arıqlayıb və xəstəhaldır, amma aksiyasını davam etdirir.
AŞPA-nın sessiyasının başlandığı gün həm Fransada, həm də başqa ölkələrdə Rusiyanı Şevçenkonu, eləcə də 100-dən çox başqa siyasi məhbusu azadlığa buraxmağa çağıran aksiyalar keçirilib.

Sessiyadakı çıxışında Britaniyadan olan deputat Robert Valter təklif edib ki, Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması ilə bağlı məsələyə baxılsın. Onun fikrincə, Avropa Şurasının baza prinsiplərinin Rusiyada pozulmasında bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin də günahı var.

Assambleya Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənib-təsdiqlənməməsi məsələsinə yanvarın 28-də baxacaq.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR