Emil Hüseynli: "Təsdiq olunan strategiya gənclərimizə yeni bir çağırışdır"

Emil Hüseynli: "Təsdiq olunan strategiya  gənclərimizə yeni bir çağırışdır"
09:48 27 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

“Bu gün Azərbaycan dövləti, hakimiyyəti gənclər siyasəti ilə bağlı uzunmüddətli strategiyaya malik olduğunu, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməkdə maraqlı olduğunu bir daha nümayiş etdirdi”. Bunu Trend-ə açıqlamasında “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Emil Hüseynli Prezident İlham Əliyevin yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsinə dair imzaladığı sərəncamı şərh edərkən deyib.

E.Hüseynli bildirib ki, Azərbaycan gəncliyi dünyada baş verən qlobal proseslərə hazır olmalı, dünyanın “gənclər evində” intellekti ilə seçilməlidir.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunub ki, onların icrası nəticəsində gənclərin vətənpərvərlik tərbiyəsi artıb, istedadlı, intellektli və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb. Təsdiq olunan strategiya gənclərimizə yeni bir çağırışdır ki, işlərində daha peşəkar olsunlar, ölkəmizi dünyada layiqincə təmsil etsinlər, dövlətçiliyin inkişafında öz bilik və bacarıqlarını ortaya qoysunlar”.

QHT rəhbərinin sözlərinə görə, bu baxımdan yeni strategiya Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək, stimul verəcək: “Hesab edirəm ki, strategiyada Azərbaycan gənclərinin də iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr üzrə vahid tövsiyələr hazırlanacaq. Yeni strategiya, həmçinin sağlam düşüncəli, intellektli gənc nəslin yetişdirilməsi üçün dövlət qurumları, gənclər və bütövlükdə cəmiyyət qarşısında mühüm vəzifələr qoyub”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR