Azərbaycanda gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmləri təkmilləşdiriləcək

09:52 27 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 09:45 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2025-ci ilin sonuna qədər gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmləri davamlı olaraq təkmilləşdiriləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda əksini tapıb.

 

Eyni zamanda 2015-2025-ci illər ərzində gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədilə zəruri məişət və məşğulluq infrastrukturu yaradılacaq, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsi yüksəldiləcək.

 

Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin ibtidai hərbi hazırlığının səviyyəsinin artırılması, bu prosesə hərbi mütəxəssislərin cəlb edilməsi, gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması, elm və texnika sahəsində çalışan gənclərin sayının artması,  mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının artması, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi, gənc sahibkarların sayının artması və  gənclər arasında hüquqpozmaların sayının azalmasına nail olmaq da qarşıya məqsəd qoyulub. Bu müddət ərzində gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsinə də çalışılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR