2015-ci ildə 1 milyard istifadəçi mobil qurğu vasitəsilə “Facebook” sosial şəbəkəsinə daxil olacaq

2015-ci ildə 1 milyard istifadəçi mobil qurğu vasitəsilə “Facebook” sosial şəbəkəsinə daxil olacaq
10:11 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“eMarketer” analitik agentliyinin məlumatına görə, “Facebook” sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olan istifadəçilərin faizinə görə İndoneziya liderdir.
 
Belə ki, bu ölkədə “Facebook” istifadəçilərinin 92,4 faizi (62.6 milyon) ayda ən azı 1 dəfə smartfon vasitəsilə sosial şəbəkəyə daxil olur. Ötən il bu göstərici 88,1 faiz, 2013-cü ildə 77,7 faiz təşkil edib.
 
 İndoneziya “Facebook” sosial şəbəkəsində istifadəçi auditoriyasına görə yalnız ABŞ və Hindistandan geri qalır.
 
Sözügedən sosial şəbəkədə ABŞ istifadəçilərinin sayı aylıq təxminən 140 milyon təşkil edir və onların 79,1 faizi mobil qurğular vasitəsilə “Facebook”a daxil olur. Hindistanda bu göstərici aylıq 100 milyondan çox aktiv istifadəçiyə bərabərdir.
 
“EMarketer” analitikləri, həmçinin qeyd edirlər ki, İndoneziyada smartfonlar vasitəsilə sosial şəbəkəyə daxil olan istifadəçilərin 98,7 faizi “Facebook” sosial şəbəkəsinə daxil olur.
 
Agentliyin proqnozuna görə, 2015-ci ildə “Facebook”un təxminən 1 milyard istifadəçisi ayda ən azı 1 dəfə mobil qurğular vasitəsilə sosial şəbəkəyə daxil olacaq.
 
Xatırladaq ki, ötən ilin oktyabrında İndoneziya “Facebook” şirkətinin “Internet.org” layihəsinə qoşulub. Bu əməkdaşlıq on milyonlarla indoneziyalının internetə rahat və ucuz çıxışı üçün nəzərdə tutulub.
 
“eMarketer”in proqnozuna görə, 2017-ci ilədək “Facebook”un mobil istifadəçilərinin sayı üzrə ölkələrin reytinqində Hindistan ABŞ-ı ötərək birinci pilləni tutacaq. İndoneziya reytinqdə üçüncü pillədə qalacaq.
 
Emil Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR