Azərbaycanda gənclərlə bağlı əsas problemlər açıqlanıb

10:12 27 Yanvar 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 10:10 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir”.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsinin əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab verməməsi müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyl göstərir. Bu baxımdan, təhsil sisteminin, xüsusilə də peşə təhsilinin surətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilib. Sənəddə vurğulanır ki, ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə alan ixtisasların tədrisinə ehtiyac yaranıb. Bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri “insan kapitalının” ixracının qarşısını almaqdır. Azərbaycan da daxil olmaqla, dünya ölkələrindəki təbii sərvətlərin böyük əksəriyyətinin bərpa olunmaması bu məsələnin əhəmiyyətini daha da artırır.

 

Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir. Strategiyada vurğulanır ki, gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.

 

Sənəddə nəzərə çatdırılır ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Gənclərin 52%-i şəhər yerlərində, 48%-i isə kəndlərdə yaşayır. Onların 49,2%-ni qadınlar təşkil edir. Bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6%-i məhz gənc ailələrdə dünyaya gəlir. 2013/2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilib. 2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair” keçirilən müayinələrin yekunlarına əsasən, 15-29 yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olub, onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Müayinənin yekunlarına görə, 15-29 yaşlı gənclər arasında işsizlərin sayı 123 min nəfərdir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR