Azərbaycanda avtomobillərin onlayn-monitorinqi sistemi olacaq

10:38 27 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın “CarDoctor” startap layihəsi korporativ sektor üçün avtomobil trekinq sistemlərinin reallaşdırılmasına başlayır. Bu barədə bazar ertəsi Trend-ə layihənin rəhbəri Azər Əliyev bildirib.

Onun sözlərinə görə, “CarDoctor” qurğusu nəqliyyat vasitələrinin monitorinqi, onların olduqları yerin, sürətinin və hərəkət marşrutunun, dayanma məntəqəsinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub.

Avadanlıq avtoparkda xərclərə nəzarət etməyə, sürücü intizamını yaxşılaşdırmağa, yanacaq sərfiini azaltmağa və s. imkan verəcək.

A.Əliyev deyib: "Nəqliyyat vasitələrinə nəzarət avtomobillərin onlayn-diaqnostika sistemlərinin işə salınması layihəsinin ilkin mərhələsidir. Yeni xidmətdən yaxın aylar ərzində istifadə etmək mümkün olacaq”.

Layihənin ikinci mərhələsi internet vasitəsi ilə avtomobillərin diaqnostikasını həyata keçirməyə imkan verəcək. Avtomobilin nasazlığı haqqında informasiya onun sahibinə SMS-lə və elektron poçt ünvanına göndəriləcək. Bundan əlavə, məlumatı Veb-interfeys vasitəsilə də əldə etmək olar.

Layihə Azərbaycanın İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına reallaşır.

İlkin mərhələdə bazara qurğunun iki modelinin - "CarDoctor+" və "CarDoctor-Pro"-nin çıxarılması planlaşdırılır. "CarDoctor+" qurğusu ilkin versiyadır və o, yalnız avtomobillərin diaqnostikasını həyata keçirməyə imkan verir, "CarDoctor-Pro" professional versiyası isə daha geniş funksiyalara malik olacaq.

"CarDoctor+" qurğusunun bazar qiyməti 30 manat, "CarDoctor-Pro"-nin isə 100 manata yaxındır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR