Tərlan Əhmədov: “Yerro da avtoqol vururdu, nə olsun?” - PRESSİNQ

Tərlan Əhmədov: “Yerro da avtoqol vururdu, nə olsun?” - PRESSİNQ
11:24 27 Yanvar 2015
387 İdman
Ölkə mətbuatı
A- A+

Lent.az-ın "Pressinq" layihəsinin növbəti qonağı Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda AZAL-ın baş məşqçisi vəzifəsində çalışan Tərlan Əhmədov oldu. O, oxucuların sosial şəbəkə və elektron poçt vasitəsilə ünvanladığı sualları cavablandırdı.

 

Pərviz Quliyev:

- Aleks Ferqyuson, Arsen Venger, Lui van Qal və Joze Mourinyo kimi dahi məşqçi olmaq üçün nə etmək lazımdır?

- İdmanda insana ən çox uğur lazımdır. Dünya məşqçilərinin də metodikaları cürbəcürdür. Ən əsası uğurdur. Bəxt amili də böyük rol oynayır. Ferqyuson 20 ildən çox "Mançester Yunayted"də işləyib. Ona rəhbərlik tərəfindən inam və dəstək var idi, istədiyi komandanı qurdu. Vengerin özü də neçə ildir "Arsenal"da çalışır. Mourinyo uzun müddət "Portu"da işlədi, bundan əlavə Bobbi Robson və Lui van Qalın yanında tərcüməçi olub, böyük məktəb keçib. Bir klubun baş məşqçisinə rəhbərlik, bütün kollektiv tərəfindən inam olmalıdır. Bu olmasa, uğur qazanması çox çətin məsələdir.

 

İsmayıl Hüseynov:

- Özünüzü güclü məşqçi sayırsız?

- Yox. Mən indidən durub desəm ki, məndən və ya filankəsdən yoxdur, düz çıxmaz. Həyat hərdən bizi elə sınağa  çəkir ki, gördüyümüz işlərin hamısının üstündən xətt çəkilir. Bu həyat enişli-yoxuşludur. Dahi məşqçilərin də həyatında bəzən elə dövr yaşanır ki, çalışdırdığı klub nəticə verə bilmir, tənqidlər başlanır. Həyat özü gündən-günə inkişafdadır. Bizim işimizdə də inkişaf gedir. Bu gün deyə bilmərsən ki, mən dahi məşqçiyəm, məndən yoxdur. Çünki sabah nə baş verəcəyini bilmirsən.

 

Vüsal Nəbiyev:

- Ən çox hansı məşqçidən görüb-götürmüsüz?

- Bir çox məşqçilərlə işləmişəm. Amma ən çox hörmət bəslədiyim Ağasəlim Mircavadov olub. Həm futbolçusu olmuşam, həm də köməkçisi. Yığmada da bir yerdə işləmişik. Ağasəlim müəllimin metodikalarından çox istifadə etmişəm. Bilirsiz ki, B və A kateqoriyalı məşqçi lisenziyalarını oxuyub almışam, indi isə PRO kateqoriyasını oxuyuram. Kurslarda Almaniya və İsveçrədən də mütəxəssislər var ki, onların da dərslərindən bəzi şeylər götürürük. Təbii ki, öz fantaziyamız da var. Mourinyo, Ferqyuson kimi dahi məşqçilərin məşq metodikalarını izləyə bilmirik. Bizə yaxın kimdirsə, onu izləyirik.

 

 

Əhməd Məmmədov:

- Adətən futbolçu karyerasında müdafiəçi olanlar məşqçilik edəndə müdafiə futboluna üstünlük verirlər. Sizdə də belədir?

- Mən ilk gündən demişəm ki, müdafiə futbolu oynatmayacam. Son oyunlar da onu göstərir ki, vurduğumuz qədər top buraxırıq. Hücuma nə qədər çox qoşulursansa, müdafiədə bir o qədər boşluqlar buraxırsan. Bu, futbolun təbii halıdır. Amma mən müdafiə futbolunu sevsəm, futbolun gözəlliyindən söhbət gedə bilməz. Müdafiə taktikası seçəndə 1 qolla kifayətlənirsən. Amma AZAL belə oynamır. "Qəbələ" ilə 3:3, "Simurq"la 2:2 etmişik, çox oyunlarda çox qol vurmuşuq. Lakin çox qol da buraxırıq. Vaxtilə müdafiəçi olduğumdan, komandamın bu qədər qol buraxmasına görə çox tənqidlə üzləşmişəm. İnsan yaşa dolub qocaldıqca işlərimiz də inkişafa doğru gedir. Nə həyat, nə də futbol yerində durur. Demirəm ki, tənqidləri sevirəm, amma tərifi, ümumiyyətlə, xoşlamıram.  Bizim işimizdə tənqid olmalıdır. Hər tənqiddən də nəticə çıxarmaq lazımdır. Amma söhbət haqlı tənqiddən gedir. Mən müdafiəçi olsam da, məşqçi kimi hücum futboluna üstünlük verirəm. Bu gün komandamın müdafiə xəttində oyunçu çatışmazlığı var, amma yenə də hücumu gücləndirmək nəzərindən, yarımmüdafiəyə futbolçu cəlb etmişəm. Müdafiə taktikası seçsəm, hücumda problem yaşayacağıq. Keçən mövsüm müdafiəyə üstünlük verirdik, çünki tamam başqa komanda idi, mən toplamamışdım futbolçuları. Yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmirdik. Amma bu gün qol epizodlarının, demək olar ki, 50 faizini dəyərləndirə bilirik. Bu məni sevindirir. O ki qaldı müdafiəyə, yavaş-yavaş o da düzələcək. Hər şey birdən-birə olmur.

 

Amid Mahmudov:

- Uzun müddət bir yerdə futbol oynadığınız Qurban Qurbanovun Azərbaycanın ən güclü məşqçisi adlandırılması sizi qıcıqlandırmır ki?

- Xeyr, əksinə sevinirəm. Qurban Qurbanovun ən yaxşı məşqçi adlandırılması fikri ilə razıyam. Vaxt var idi, bizdə futbolu lağa qoyurdular. Amma bu gün vəziyyət dəyişib. İlk olaraq, "Neftçi" Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Böyükağa Hacıyev baş məşqçi olaraq, bu tarixi yazdı. Qurban müəllim son 5 ildə demək olar ki, hər il “pley-off”da büdrədi. Amma ötən il istəyinə çatdı. Doğrudan da, bu bizi sevindirir. Bir azərbaycanlı olaraq, bizim də övladlarımız tarix yazmağa başladılar. Bəzi insanlar deyirdilər ki, Azərbaycanda futbolçu, məşqçi yoxdur. Lakin yerli futbolçular və məşqçilər bunu dəfələrlə sübut etdilər ki, Azərbaycanda futbol olub, mütəxəssislər olub, indi də var. Arzu edirəm ki, Qurban Qurbanov hər il ən yaxşı seçilsin. Mən buna çox sevinərəm. Qurbanın timsalında bütün məşqçilərə bunu arzulayıram. Komandalarımızın rəqabətinin bizim dostluq və yoldaşlığımıza heç bir dəlaləti yoxdur. Futbol işdir. Mən futbolçularıma da deyirəm ki, məşq, oyun zamanı aramızda futbolçu-məşqçi münasibəti olur. Amma oyun, məşq qurtardı, onlarla qardaşam. Qurban Qurbanov, Yunis Hüseynov, Ramiz Məmmədov, Arif Əsədov, hamısı ilə bir yerdə futbol oynamışıq. İndi isə məşqçilik edirik və bu, bizim işimizdir. İşimizdə isə rəqabətin olması normal haldır. 

 

Əfqan İmanov:

- "Neftçi"də Böyükağa Hacıyevin köməkçisi çalışdığınız dönəmdə əvəzetmələri sizin etdiyiniz haqda söz-söhbət gəzirdi. Bununla komandada əsas söz sahibinin Hacıyev yox, sizin olduğunuzu düşünənlər az deyildi. Həqiqətən, belə bir şey var idi?

- (Gülür). Böyükağa müəllimin işinə xələl gətirməyək. Mənim üçün Azərbaycanda dahi məşqçilərdən biridir. Tarix yazan ilk məşqçimizdir. Səhv etmirəmsə, 2003-cü ildə "Şəmkir" Ağasəlim Mİrcavadovun rəhbərliyi altında mərhələ keçəndə sevinirdik ki, bir mərhələ adladıq. İllər keçdi, daha yaxşı uğura imza atdıq. Böyükağa müəllim baş məşqçi idi, onun öz metodikası var. Mən də köməkçisi olaraq, onun tələblərini yerinə yetirirdim. İşimi də vicdanla görürdüm. Bütün nə səlahiyyətlər var idisə, onun idi. Sadəcə olaraq, Böyükağa müəllimin səhhəti ilə bağlı səsində problem yaranmışdı. Mən isə birinci köməkçisi olduğumdan, bütün göstərişləri futbolçulara mən çatdırırdım. Böyükağa müəllim futbolçulardan nə tələb etdiyini bilirdim. Məşq proqramlarını o, verirdi, amma özü qıraqda dururdu, məşqləri mən aparırdım. Birlikdə iş görmüşük. Amma bütün güc Böyükağa Hacıyevin işi idi.

 

Nizami Musayev:

- Azərbaycan çempionatının oyunlarını stadiondan az sayda azarkeş izləyir. Bunun səbəbini nədə görürsüz?

- Oynadığım dövr idi. Pele müsahibələrinin birində belə bir sitat səsləndirmişdi: “Futbolun gözəlliyi qoldur. Futbolda qol yoxdursa, deməli, ondan danışmağa dəyməz”. Baxırsan ki, baxımsız oyun gedir, amma bir qol gedişatı dəyişir, pis oyun yaddan çıxır. Buna görə də, futbolçu olduğum vaxtdan hücum futbolunun tərəfdarı olmuşam. Həmişə nə məğlub, nə də qalib ola bilərsən. Futbolçulara da deyirəm ki, məğlub da olsanız, göstərdiyiniz oyundan zövq almalısız. Pis oynayıb, 1:0 udsam, azarkeşbir dəfə gələcək, sonra gəlməyəcək. Nəyə görə bizim azarkeşlər futboldan küsdülər, çempionat oyunlarına gəlmirlər? Çünki baxımlı futboldan əsər-əlamət qalmamışdı. Görürsüz ki, "Neftçi" - "Qarabağ", "Neftçi" - "Xəzər Lənkəran" oyunlarında azarkeş çox olur. İki yaradıcı komanda oynayanda gəlirlər, zövq alırlar. Müdafiəyə oturanda həm rəqibin baxımlı futbol oynamasına imkan vermirsən, həm də özün futbolu “öldürürsən”.

 

Vəli Məmmədov:

- Çalışdırmaq arzusunda olduğunuz komanda varmı?

- AZAL-a dəvət olunanda, çoxları məni tənqid etdi ki, nahaq ora gedirsən. Dedim, yox. Özümü sübut etmək istədim. Bilirsiz ki, futbolçu kimi bu komandanın ilk günlərindən içində olmuşam. Çempionluğu son saniyələrdə əldən vermişdik. Özümü baş məşqçi kimi sübut etmək istəyirəm. Hansısa bir komandanı çalışdırmaq arzusunda deyiləm. Həyatda, futbolda hər şeyə pillə-pillə nail olmaq istəyirəm.

 

Rüfət Ağayev:

- Futbolçu kimi ölkə çempionu ola bilmədiniz. Məşqçi kimi bunu bacaracağınıza inanırsızmı?

- Allahın işinə qarışa bilmərəm. Sözsüz ki, istəyim var. Təkcə çempionluq yox, Avroliqanın qrupuna düşmək də istəklərim içindədir. Lakin konkret danışsam ki, bu il reallaşdıracam, düz çıxmaz.

 

Emin Lətifov:

- Yığmanın yeni baş məşqçisi Robert Prosineçkidən nə gözləyirsiz?

- Mən bütün qərarlara hörmətlə yanaşıram. Foqts gələndə də fikrimi demişdim. O vaxt klublarımız çox irəliləməmişdi. Mən o vaxt da deyirdim ki, əsas klublarımız inkişaf eləsin, ondan sonra yığmaya xarici mütəxəssis gətirə bilərik. "Neftçi" və "Qarabağ"ın Avroliqanın qrup mərhələsində oynaması, bir də Prosineçkinin cavan olması müsbət məqamlardı. Xorvat futbolu alman futbolundan bir balaca fərqlənə bilər. Foqts uzun illər Almaniyada işləyib, müdafiə futboluna üstünlük verirdi. Arxasınca danışmaq kimi çıxmasın, mən bunu həmişə demişəm. Bizim futbol nəyə görə yığmada geri getdi? Müdafiə taktikasına görə. Bir oyunda 8 müdafiəçi ilə çıxış edirdik. Buna görə də, irəlidə nəticə əldə edə bilmirdik. Amma Prosineçkinin söhbətindən, klublarla görüşündən də hiss olunur ki, hücum futbolu oynadacaq. Bütün oyunlara baxır, Antalyada klubların təlim-məşq toplanışını izləyir. Halbuki Foqts 6 il ərzində bunu etmədi və Prosineçkinin bu addımı sevindirici haldır. Çünki işinə məsuliyyətlə yanaşır, nəsə əldə etmək istəyir. Bu mənada, düşünürəm ki, Prosineçki nəyəsə nail olacaq.

 

Vahid Qurbanov:

- Azərbaycanda oyun tərzinə görə sizə oxşayan müdafiəçi varmı?

- Hər kəsin öz oyun tərzi var. Heç kim deyə bilməz ki, mən Tərlan Əhmədova oxşayıram və ya başqasına? Rəşad Sadıqovun adını çəkə bilərəm. Müdafiəçi elədir ki, karyerasının son illərində təcrübəsinin hesabına oynayır. Oyun oxuması, oyunu idarə etməsi, liderliyi Rəşadda, həqiqətən də, uğurlu alınır. Rəşad ilk illərini bizim yanımızda başlayıb. Millidə də birlikdə oynamışıq. Onun indiki oyununa baxanda futboldakı son illərim yadıma düşür.

 

Kənan Hacızadə:

- Nə vaxt hiss etdiniz ki, futbolu buraxmaq vaxtıdır?

- Hardasa 2007-ci ildə futbolu buraxdım. Hiss etmədim. Açığı, 1 il də oynamaq fikrim var idi. Mənim yanımda çox futbolçular yetişdi: Elvin Əliyev, Aftandil Hacıyev, Rəşad Sadiqov, Nizami Hacıyev və başqaları. Daha bir il oynamaq istəyirdim. Amma AZAL-ın o vaxtkı rəhbərliyi dedi ki, futbolu qurtar, mən də qurtardım. Sonra mənə komandada iş təklif etdilər, Əsgər Abdullayevin köməkçisi oldum. Amma cəmi 1 həftə sonra uzaqlaşdırdılar. Başqa məşqçini gətirməyin dərdi idi. Sözüm onda deyil, 1 il də oynamaq istəyirdim. Arzum hələ həyata keçməmişdi. Çempionluğa gedən yolda buraxdığımız səhvi unutdurmaq istəyirdik. Təəssüf ki, alınmadı. Məni də, Rauf Mehdiyevi də komandadan uzaqlaşdırdılar.

 

Daşqın Əliyev:

- Futbolçularınız sizin qədər avtoqol vursa, hansı tədbiri görərsiz?

- Mənim qədər avtoqol vursa deyəndə ki, mənim bir avtoqolum var: o da İtaliya ilə oyunda olub. Cinahdan ötürmənin qarşısını kəsmək istəyəndə öz qapıma istəmədən qol vurdum. Futbolçularıma da deyirəm ki, meydançada bir-birinizin səhvini düzəltməyə çalışın. Yəni kimsə səhv edəndə ona irad tutmaq yox, kömək etmək lazımdır. Futbol kollektiv oyunudur. Mən də həmin epizodda komanda yoldaşımın səhvini düzəltməyə çalışırdım, təəssüf ki, avtoqol alındı. Belə şeylər futbolda qaçılmazdır. Mən buna görə xəcalət çəkmirəm, bu bizim işimizdir, hər an hər futbolçunun başına gələ bilər. Deyirlər çox avtoqolu var. Uelslə oyunu götürək. Həmin epizodda adını çəkmək istəmədiyim müdafiəçimiz topu çıxarmaq istəyirdi, düz çıxarmadı, ayağıma dəydi və Bellami çatdı vurdu. Lap olsun 2 avtoqol. Mənim futbolçum beşini vursun, yenə çalışacam ki, ona dəstək olum. Futbol 1 günlə, 1 oyunla qurtarmır. Bir hücumçu bəzən 10 dəfə təkbətək çıxır, fərqlənə bilmir. Və ya 10 dəfə epizod olur ki, boş qapıya qol vura bilmir. Lakin heç kim ona heç nə demir. Müdafiəçi isə... Həyatın da qanunu odur ki, qara fəhlə həmişə başı qapazlı olur. Futbolda da müdafiəçi və qapıçı həmişə qapazaltı olub. Ona görə də, bu, təbii haldır. Hansı dahi müdafiəçi avtoqol vurmayıb ki? Hazırda "Real"da Karlo Ançelottinin köməkçisi olan Fernando Yerro demək olar ki, hər oyunda avtoqol vururdu. Amma nə olsun? Kyellini çox oyunlarda baxırsan ki, avtoqol vurur. Normaldır, çünki müdafiəçidir. İstər-istəməz bu, olan şeydir və bizim işimizdə qaçılmazdır. Yenə deyirəm ki, mənim futbolçum 10 avtoqol vursa, mən yenə ona dəstək olacam. Mən o səhvə görə futbolçunu komandadan çıxarmaram, əksinə çalışaram ki, bir daha o səhvi eləməsin. Həyat bizi də sınağa çəkib. İş görülən yerdə səhv olmalıdır. Nəyisə həyata keçirmək üçün səbir və dəstək tələb olunur. Yoxsa səhvləri təkrarlayacağıq. Mən də çalışıram ki, öz futbolçularıma dəstək olum. 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR