Hyuston Univüersitetinin rektoru: "Ölkəniz etibarlı əllərdədir"

Hyuston Univüersitetinin rektoru: "Ölkəniz etibarlı əllərdədir"
11:49 27 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Lent.az Hyuston Universitetinin rektoru Renu Xaturun müsahibəsini təqdim edir

-  Azərbaycanla ABŞ arasında təhsil əlaqələri haqda nə deyə bilərsiniz?

 

- Azərbaycanla Texas ştatı arasında təbii bağlar mövcuddur ki, bu da ilk növbədə neftə olan ortaq marağımızdan irəli gəlir. Bu, bizim öz ehtiyatlarımızdan necə istifadə edəcəyimizlə, bunun üçün daha səmərəli istehsal yolları, kəşfiyyat yollarının mövcudluğu ilə və həmçinin, ən müasir texnologiyaya əsaslanan tədqiqatı necə aparmağımızla bağlıdır. Təhsil sahəsində də ortaq maraqlarımız çoxdur. Mən burada bir neçə ali təhsil müəssisəsində  qonaq oldum. Onların bir çoxunun demək olar ki, binalarının quruluşunda, xüsusilə də neft tədqiqatı, neft və qaz sahəsi ilə bağlı olan ixtisasartırma mərkəzlərinin oxşar tərəfləri var. Biz bir neçə sahə üzrə, xüsusilə də tələbə və professor-müəllim heyətinin mübadiləsi sahəsində əməkdaşlıq edə bilərik, bununla yanaşı birgə tədqiqat imkanlarını da mütləq nəzərdən keçirə bilərik. Mübadilənin həyata keçirilməsi azərbaycanlı tələbələr üçün böyük imkanlar yaradacaq. Onlar Hyuston Universitetində təhsil almaq imkanı qazana bilərlər.

 

- Bakı Ali Neft Məktəbi ilə Razılaşma Protokolu imzalandı, bu əməkdaşlığın nə kimi perspektivləri olacaq?

 

- Biz hər iki ali təhsil müəssisəsi ilə imzalanmış Razılaşma Protokolundan məmnun qald. Düşünürəm ki, bizim etdiyimiz kimi, Bakı Ali Neft Məktəbi də neft-qaz sahəsi üzrə gələcəyin işçi qüvvəsini hazırlamağı tam məsuliyyətlə öz üzərinə götürüb. Bakı Ali Neft Məktəbi tədqiqat işlərinin aparılmasına da çox maraqlıdır, bu da bizim maraq sahələrimizdən biridir. İmzaladığımız Razılaşma Protokolu əsasında biz dərhal iki ölkə arasında tələbə mübadiləsini nəzərə alacağıq, eyni zamanda,  məzunlar üçün ayrıca ixtisasartırma proqramlarının imkanlarını nəzərdən keçirəcəyik. Belə ki, Bakı Ali Neft Məktəbində bakalavrı bitirən tələbələr Hyuston Universitetində təhsillərini magistratura pilləsində davam etdirə biləcəklər. Biz həmçinin, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinin Hyuston Universitetinə səfərini və eyni zamanda, Hysuton Universitetinin tələbə və müəllim heyətinin Bakı Ali Neft Məktəbinə səfərini təşkil edəcəyik. Bundan başqa,  Hyuston Universitetinin və Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinin birgə çalışa biləcəyi ortaq tədqiqat layihələrini də həyata keçirməyə çalışacağıq.

 

- Məqsədə çatmaq üçün savad,  bilik və iradə kifayət edirmi? Siz uğur qazanmış bir insan kimi nə deyə bilərsiniz?

 

-Ümumilikdə deyə bilərəm ki, sadaladığınız 3 faktor istənilən sahədə liderlik üçün çox mühüm amillərdir. Bununla belə, insanda xəyal etmə cəsarəti olmalıdır. Çünki sizi irəli aparan və hətta bəlalara qarşı qoruyan məhz xəyallarınızdır. İkincisi isə, ürəkdən gələn istəkdir. Əgər bir istək dərin deyilsə, o zaman xəyal qurmağa belə dəyməz. Əks halda qarşına qoyduğun məqsədə doğru addımladıqda hər hansı bir maneə çıxsa, büdrəyə bilərsən və məqsədi reallaşdırmaqdan geriyə çəkilə bilərsən. Ona görə də, hər zaman qərar verərkən bunu nə dərəcədə ürəkdən istəməyinizdən əmin olun. Üçüncüsü, sadəlikdir. Hər zaman düşünün ki, bu işi siz təkbaşına görməyəcəksiz və bu işi görməyə insanlar cəlb olunacaq və kömək edəcəklər. Onlara da kömək etmək sənin borcundur. Beləliklə, mənə görə liderlikdə ümumi vacib olan üç şey bunlardır. Amma bir nəfər məndən şansın nə dərəcədə əhəmiyyətli olmasını soruşmuşdu, mən dedim ki, şans çox mühümdür!

 

-  Əldə etdiyiniz nailiyyətlər üçün kimə və ya nəyə borclusunuz?

 

-Mən hər zaman deyirəm ki, valideynlərimdən başlayaraq, həyat yolumda mənimlə birgə addımlayan hər kəsə, xüsusilə də, anama minnətdaram. Hətta anamla bağlı bir məqalə də yazmışam, çünki Hindistan kimi mühafizəkar (konservativ) bir ölkədə doğulmağıma baxmayaraq, anam hər zaman qardaşımla mənə eyni cəsarəti verdi və bizi hər zaman bərabər böyütdü, heç zaman ayrı-seçkilik göstərmədi. Bundan sonra mən savadlı və qəlbən böyük feminist olan biri ilə ailə həyatı qurdum. O, mənə söz verdi ki, missiyamda məni daim dəstəkləyəcək və artıq 40 ildir ki, o yanımda, arxamda və önümdədir. Ona görə deyə bilərəm ki, bu işdə onun böyük əməyi olub. Bundan başqa, mənim hər uğurumu qeyd edən və mənə cəsarət verən dostlarım var. Onlar mənim üçün çox vacibdirlər. Eyni zamanda, mənim asanlıqla hər hansı bir məsələ ilə bağlı  məsləhətləşə və kömək istəyə biləcəyim rəsmi məsləhətçilərim var.

 

- Qadın rektor, ailə və ailə öhdəlikləri, bunları necə uyğunlaşdırırsınız?

 

- Bu, çox yaxşı sualdır. Mən düşünürəm ki, ailəm olduğu üçün mən xoşbəxt insanlardanam. Belə ki, ailədə biri digərinə dəstək olur. Mənim iki qızım var və gördüyüm işlərdə, nailiyyətimdə qızlarımın, həyat yoldaşımın da payı var. Çox vaxt heç hiss etmirəm ki, nə zaman işləyirəm və ya nə zaman ailəmlə birgəyəm, çünki biz hər şeyi bərabər edirik. Bundan başqa, mən yoqa ilə məşğul oluram və Hindistanda olan ailəmlə çox sıx əlaqə saxlayıram. Belə ki, mən bu əlaqələrdən  çoxlu enerji və zövq alıram. Anam, bacılarım, qardaşlarım, bütün ailəm mənə həmişə dəstəkdirlər.

 

- Bakı Ali Neft Məktəbində keçirdiyiniz görüşdə tələbələrin çoxsaylı suallarını cavablandırdınız. Tələbələrimiz haqda fikirlərinizi bilmək istərdik. 

 

-Tələbələrlə çox qısa, lakin çox təəssüratlandığım görüşlə bağlı deyə bilərəm ki, onların ingilis dili çox mükəmməl idi, dillə yanaşı, həmçinin özlərini, hisslərini, düşüncələrini və sualları dəqiq, aydın ifadə etmə bacarıqları  inanılmaz idi. Sual üçün seçdikləri mövzular isə onların savadının göstəricisi idi. Ümumilikdə, mən onların təhsilə olan marağına və öz gələcəkləri ilə bağlı edə biləcəklərinə olan sevgiyə heyran qaldım. Bakı Ali Neft Məktəbinin savadlı və bacarıqlı tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir.

 

- Səfər çərçivəsində bir çox görüşləriniz oldu, eyni zamanda Bakıda bir sıra tarixi, mədəni yerlərə baş çəkdiniz. Azərbaycandan hansı təəssüratlarla ayrılacaqsınız?

 

- Burada aktiv və dinamik həyatla rastlaşdım. Düşünürəm ki, görüşlərimiz çox səmərəli keçdi. Görüşlərdən əlavə, ətrafda, ictimai mühitdə gördüyüm inkişaf, optimistlik və böyük gələcək duyğusu, göz oxşayan arxitektura məni heyrətləndirdi. Həyat olmalı olduğu kimidir – şən, inkişaf edən və optimist. Bakı Avropanın istənilən şəhərinə bənzədilə bilər. Bakı ilə Hyuston 1976-ci ildə qardaşlaşmış şəhərlərdir. Əminəm ki, bu təsadüfi deyildi. Hər iki şəhər eyni sahibkarlıq və optimizm ruhunu bölüşürlər. Gecələr Bakı Dubaya bənzəyirdi – qlamur, canlı və parlaq! Gündüzlər isə qara qızılını insan kapitalına çevirmək həvəsi ilə çalışırdı. Burdan sevgi dolu və sadəcə xoş təəssüratlarla ayrılıram.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR