Türkiyənin baş naziri Əhməd Davudoğlunun siyasi müşaviri Etyen Mahçupyan 1915-ci il hadisələrinin 100-cü ildönümünün yaxınlaşması barədə bəzi açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, erməni müşavir Fransa mətbuatına verdiyi müsahibədə 2015-ci ilin çətin il olacağını deyib. Mahçupyan bildirib ki, Türkiyə - Ermənistan münasibətlərini radikal formada dəyişdirəcək önəmli addımlar üçün gələcək illəri gözləmək lazım olacaq.
“Tərəflər bu məsələdə ziddiyyətlərin az vaxt ərzində həlli yolunun tapılmasını gözləməməlidirlər. 100 il sonra tələsməməliyik. Artıq baş verənlər daha sağlam şəkildə dəyərləndirilməlidir. Türkiyənin prioriteti isə Ermənistan və diasporla münasibət yaratmaq olmalıdır. Hesab edirəm ki, bu il bəzi rəmzi addımlar atıla, emosional münasibətlər yarana bilər. Amma siyasi və tarixi məsələlərin bir neçə il təxirə salınacağına inanıram. O zaman hər şey daha asan ola bilər”.
Erməni müşavir həmçinin qeyd edib ki, Türkiyə - Ermənistan münasibtlərinin normallaşması üçün Rusiya vasitəçi ölkə ola bilər.