Vüqar Əliyevin həyat yoldaşı: "Onun adını çəkməyin"

Vüqar Əliyevin həyat yoldaşı: "Onun adını çəkməyin"
12:05 27 Yanvar 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

"Lamiyə Quliyevanın Vüqar Əliyevə heç bir aidiyyatı yoxdur. Vüqar xahiş edir ki, mətbuat bu qadını onun nişanlısı kimi təqdim etməsin. Vüqarın öz ailəsi var və o, öz ailəsinə cavabdehdir".

Bu sözləri "Azadlıq" qəzetinə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynur Əliyeva deyib.

Xatırladaq ki, Aslan Aslanovun oğlunun qətlinə görə Vüqar Əliyevlə yanaşı, həmin vaxt onun nişanlısı olmuş Lamiyə Quliyeva da həbs edilib. Lamiyə Quliyeva 10 il azadlıqdan məhrum edilmişdi. Lakin cəzasının bitməsinə az qalmış onun barəsində yeni cinayət işi başlanıb və "işinin" üstünə daha 5 il əlavə edilib. Son günlər Lamiyə Quliyeva həbsxanada uşaq dünyaya gətirməklə gündəmə gəlib.

Vüqar Əliyevin xanımı Aynur Əliyeva bildirir ki, əri bu qadının üzündən ömürlük azadlıqdan məhrum olunub, ailəsi faciələr yaşayıb: "Vüqarın bu işdə heç bir günahı yoxdur. Aslan Aslanovun oğlunu Lamiyə qətlə yetirib. Çünki həmin oğlan Lamiyənin 12 yaşı olarkən ona təcavüz edib. Sonradan Lamiyənin bir müddət onunla münasibəti olub. Vüqar Lamiyə ilə nişanlanarkən bunları bilməyib. Sonradan ona bütün bunları deyiblər. Vüqar da Lamiyədən deyilənlərin həqiqət olub-olmadığını soruşub. Lamiyə deyilənləri təsdiq edib. Vüqar Aslan Aslanovun oğlundan da bu barədə soruşub. Lakin o deyib ki, Lamiyə anam-bacım olsun, mən ona heç nə etməmişəm. Aslan Aslanovun oğlu Lamiyə ilə üzləşə biləcəyini də deyib. Üzləşmə vaxtı Lamiyə üzərindəki bıçaqla oğlanı öldürüb. Vüqarın günahı yalnız bundan ibarətdir ki, həmin vaxt Lamiyənin yanında olub. Onu da qeyd edim ki, həmin vaxt Lamiyə Aslan Aslanovun oğlundan hamilə imiş. Qarnında 4 aylıq körpəsi olub. Həmin uşağı Aslan Aslanov götüzdürüb. O istəmirdi ki, oğlunun bu əməlləri üzə çıxsın. Ona görə də uşağı götüzdürüb və bütün hadisəni Vüqarın üstünə yıxıb".

Aynur Əliyeva deyir ki, hələ istintaq vaxtı Vüqarla Lamiyənin nişanı pozulub: "2011-ci ildə də Vüqar mənimlə ailə həyatı qurub. Amma buna baxmayaraq yenə də Lamiyəni Vüqarın nişanlısı kimi təqdim edirlər. Bu da Vüqara pis təsir edir. Ona görə də Vüqar xahiş edir ki, bu məsələlərdə onun adını hallandırmasınlar. Çünki bu namus məsələsidir. Vüqar öz ailəsinin namusuna cavabdehdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR