Azərbaycanda İİV-ə yoluxmanı sıfıra endirmək mümkün ola bilər

Azərbaycanda İİV-ə yoluxmanı sıfıra endirmək mümkün ola bilər
12:13 27 Yanvar 2015
214 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda İİV-ə yoluxmanı sıfıra endirmək mümkün ola bilər.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, Azərbaycan İİV-in geniş yayıldığı ölkələr siyahısına aid deyil və bu epidemiya ölkəmizdə konsentrasiya, yəni təmərküzləşmə mərhələsindədir. Hazırda bu infeksiya konkret olaraq, risk qrupları - inyeksion narkoman, seks-bizneslə məşğul olanlar, homoseksuallar arasında yayılıb: “İnfeksiya əhali arasında geniş yayılmayıb. Ona görə də bizdə şans var ki, İİV-ə yoluxmanı tamamilə aradan qaldıraq”.

N.Zülfüqarov deyib ki, ana və uşağın İİV-ə yoluxmasını sıfıra endirmək, QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq, İİV-li insanlara qarşı diskriminasiya hissini yox etmək hazırda qarşıya qoyulan əsas məqsədlərdəndir. Mərkəz rəsmisi əlavə edib ki, QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq üçün belə xəstələrin hamısını müalicəyə cəlb etmək lazımdır. Lakin bəzi xəstələr bu müalicədən yayınırlar: “İİV-li xəstələr nə qədər ki, dərmanları qəbul etmirlər, onların QİÇS-ə keçmə ehtimalı daha yüksəkdir. Əgər onlar ARV-terapiyanı qəbul etsələr, bu müddət uzanır, bəzən də sıfıra enir, o insanlar normal həyatlarını yaşayırlar. Biz hətta ucqar yerlərdə yaşayan xəstələrə yalvarırıq ki, gələ bilmirsinizsə, yol pullarını da verək, təki gəlin, preparatı qəbul edin”.

İİV-ə yoluxan bütün xəstələrə dərmanların dövlət tərəfindən pulsuz verildiyini bildirən N.Zülfüqarovun sözlərinə görə, Azərbaycanda ARV-terapiyaya cəlb olunan İİV/QİÇS-li xəstələrin sayı artıb. 2013-cü ildə 470 nəfər ARV-terapiyaya yeni cəlb edilmişdisə, 2014-cü ildə belə xəstələrin sayı 135 nəfər artaraq 605-ə çatıb.

ARV-terapiyanın bahalı və daim aparılması tələb olunan müalicə olduğunu xatırladan N.Zülfüqarov qeyd edib ki, 2014-cü ildən bu müalicə üçün tələb olunan dərmanlar dövlət tərəfindən xəstələrə pulsuz verilir. Mərkəz rəsmisi bu terapiyaya fasilənin verilməsini də mümkünsüz sayıb: “Bu, çox həssas terapiyadır. Əgər dərman bir ay ərzində iki dəfə vaxtında qəbul olunmasa, dərmanın effektivliyi 60 faizə enir. Dərmanı 3-5 ay içib yaxşılaşdıqdan sonra arada 1-2 ay fasilə verilirsə, resident viruslar yaranır və xəstəyə verilən hazırkı terapiya ona təsir etmir. Ona görə də məcbur oluruq ki, xəstəyə daha ağır dərmanlar verək. Əgər fasilə edənə qədər xəstə bir peraratı içib həyat fəaliyyətini davam etdirəcəkdisə, fasilə verdikdən sonra artıq 2-3 preparat qəbul etməli olur”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR