Gənclər bu xəbəri çoxdan gözləyirdilər!

Gənclər bu xəbəri çoxdan gözləyirdilər!
12:27 27 Yanvar 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkədə ipoteka üçün ayrılan vəsaitlər artırıla bilər.
"Bu günə qədər 16 min ailəyə İpoteka fondundan kreditlər verilib. İpoteka portfeli bankların portfelinin ən sağlam hissəsidir. Ciddi standartlarla, normalarla, təsdiq edilmiş qaydalarla verilmiş, ən sağlam hissə məhz ipoteka kreditləridir".

Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Günün nəbzi" proqramına müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

"Banklarla birlikdə verilmiş kreditlər 1.2 milyard manat təşkil edir. Bu da təxminən 20 min əhaliyə ipoteka krediti verilməsi deməkdir. Qiymətləndirməyə görə, son illərdə mənzil satışının 15%-i ipoteka mexanizmi ilə həyata keçirilib. Hesab edirəm ki, bu, ciddi bir rəqəmdir. Aparılan araşdırmalar göstərir ki, ipotekaya olan tələbat təklifi qat-qat üstələyir. İpoteka üçün ayrılan vəsait 50 milyon manata çatdırılıb. Bu o deməkdir ki, daha çox ailə bu mexanizmdən yararlana biləcək. Son 10 ildə ölkədə 34 milyon kvadrat metr mənzil tikintisi baş verib. Bu, olduqca böyük bir nəticədir", - o əlavə edib.

Elman Rüstəmov hesab edir ki, ölkədə mənzil çatışmazlığı bizə sosialist keçmişimizdən miras qalıb. Sovet illərində  insanlar 20 il, 30 il mənzil növbəsinə dururdular. Bu, təxirə salınmış tələbatdır.

Onun sözlərinə görə, son 10 ildə çox böyük tikinti infrastrukturu yaradılıb. Bütövlükdə ipotekanın inkişafı üçün imkanlar var.

"İpotekaya qoyulmuş 1 manat vəsait kənar sahələrdə 5 manata qədər investisiyalara və inkişafa səbəb olur. Buna iqtisadi multiplikator deyilir. Birin beşə nisbətindədir. Biz bu yolla tikintini çox mühüm iqtisadi drayverə çevirə bilərik, qeyri-neft sektorunun artımına çox mühüm yardımçı ola bilər", - ölkənin baş bankiri vurğulayıb.

Elman Rüstəmov, həmçinin qeyd edib ki, ipoteka kreditinin artırılması üçün maliyyə nazirliyinin rəhbərliyi ilə və banklarla məsləhətləşmələr gedir.

"Biz hesab edirik ki, bu məsələ hökumətdə müzakirə olunandan sonra təkliflərlə çıxış edəcəyik. Bu il ipotekaya verilən vəsaiti artırmaq mümkündür. Belə imkanlar var. Dövlətə yük yaratmadan, büdcəyə yük olmadan bazar mexanizmləri ilə vəsaiti artırmaq olar. Bu proses bu gün də baş verir.

İpotekanın məbləğini artırmaq lazımdır. Mənzil qiymətlərinin yüksəldiyi şəraitdə bu gün verilən 50 min manat ipoteka kreditləri təkrar mənzil bazarına yönəlir. Əhəmiyyətli şəkildə bu vəsaiti artırmaq lazımdır. Xüsusilə də kommersiya ipotekaları. Sosial ipotekaları da artırmaq lazımdır ki, əhali daha komfortlu yeni tikintilərdə ev ala bilsin", - o qeyd edib.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR