"Düdəngədən Münhenə" - FOTO

"Düdəngədən Münhenə" - FOTO
12:32 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Düdəngədən Münhenə” sənədli filminin montajı yekunlaşdı.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, filmdə Avropada Abo Düdənginski kimi tanınan, 1908-ci il təvəllüdlü mayor Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskidən bəhs edilir.

Azərbaycan Milli Komitəsinin rəhbərlərindən biri olan Əbdürrəhman bəy 1941-ci ildə almanlara əsir düşüb, bundan sonra legionerlərin tərkibində 804 saylı Azərbaycan piyada taburuna komandirlik edib. Vermaxtın mayoru kimi 1943-cü ildən Rozenberq tərəfindən tanınan "bütün azərbaycanlıların nümayəndəsi" olub, 1944-cü ildənsə Azərbaycan komitəsinin rəhbəri kimi çalışıb. Müharibədən sonra Münhendə yaşayıb, "Azadlıq" radiosunun Azərbaycan bölməsinin redaktoru olub və 1954-cü ildə Sovet xüsusi xidmət orqanının casusu tərəfindən qətlə yetirilib...

Əslində çəkilişlərinə 2006-cı ildən başlanan, 2011-ci ildən daha intensiv aparılan film ELTV və “Nova Gorica” Kino Mərkəzinin birgə işidir. Avropa ölkələrində yaşayan legionerlərin xatirələrində yer alan Ə.Düdənginski (Abo) İkinci Cahan Savaşı ərəfəsində azərbaycanlılardan təşkil olunmuş legiona sözün əsl mənasında atalıq edib. Uzun illər YUNESKO-da çalışmış Ramiz Abutalıbov və Parisdə yaşayan gürcü tarixçi Georgi Mamuliyanın araşdırmaları nəticəsində legion həyatı yaşamış bir çox Azərbaycan oğullarının həyat yoluna işıq salan məqalələr olsa da Ə.Düdənginski haqqında çox az material var idi. Filmin rejissoru və ssenari müəlliflərindən biri Tahir Əliyevin axtarışları və Almaniya, Fransada yaşayan soydaşlarımızın səyi nəticəsində xüsusi əhəmiyyət kəsb edən bir neçə foto və sənədləri əldə edəndən sonra filmin montaj işlərinə başlanıldı.

Filmin çəkilişləri Almaniyanın Münxen və Neu Ulm şəhərlərində, Paris və Bakıda aparılıb. Faktların bərpası zamanı real məkanlar filmdə öz əksini tapıb. Bunlardan əlavə, Nəsiman Yaqublu və Georgi Mamuliyanın şəxsi arxivindən, İlham Tumasın “Gizli tarix” televiziya layihəsindən fraqmentlər istifadə olunub. Almaniyada yaşayan həmyerlilərimiz Namiq Bossert və Elşad Məmmədovun koordinatorluğu, Qurban Ələkbərovun icraçı prodüserliyi, İlham Tumasın ssenarisi, İqbal Məmmədəliyevin prodüserliyi ilə ərsəyə gələn sənədli filmin məsləhətçisi Ramiz Abutalıbov, rejissoru Tahir Əliyevdir. Filmdə çıxış edənlər Ramiz Abutalıbov, Georgi Mamuliya, Cavad Həkimli, Qədir Süleymanov, Mirdaməd Seyidov, Bəşir Əlizadə və Əlihəsən Şirvanlının müsahibələri Əbdürrəhman Düdənginskinin portretini cızır. Filmin yaradıcı heyətinin, xüsusən Qurban Ələkbərov və Tahir Əliyevin səyi nəticəsində Düdənginskinin köhnəlib aşınan qəbri 2014-cü ildə bərpa olunmuş və dəfn olunduğu qəbristanlıqda yer üçün 15 illik rüsum toplanaraq ödənilmişdir. Şərti istehsal dövründə legionerlər – Cavad Həkimli, Mirdaməd Seyidov və Qədir Süleymanov haqq dünyasına qovuşdular. Allah rəhmət eləsin!

“Düdəngədən Münhenə” sənədli filminin yaxın günlərdə Bakıda və bu il ərzində Münhendə təqdimatı nəzərdə tutulub.

Milli.Az











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR