Doğu Perinçək Avropa İnsan Haqları Məhkəməsinin iclasında iştirak etmək üçün Strasburqa yola düşüb

12:42 27 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 12:36 ]

İstanbul. Mayis Əlizadə - APA. Uydurma “erməni soyqırımı” iddialarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsinin koordinatoru, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Böyük Palatasının 28 yanvardakı qərar iclasında müdafiəsini vermək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb.

APA-nın məlumatına görə, 200 nəfərlik təyyarədə Doğu Perinçəkdən başqa onun vəkilləri - Əskişəhər müstəqil millət vəkili, professor Süheyl Batum, İşçi Partiyası sədrinin müavini, AİHM-də Perinçəki ikinci dəfə müdafiə edən vəkil Mehmet Cengiz, ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının  (CHP) Uşak millət vəkili Dilək Akagün Yılmaz, CHP İstanbul millət vəkili İhsan Özkeş, keçmiş millət vəkilləri, istefada olan diplomatlar, hərbçilər, tanınmış jurnalistlər var.

 

Sabiha Gökçən aeroportunda mediaya açıqlama verən Doğu Perinçək deyib ki, AİHM Böyük Palatasının son iclasında obyektiv qərar veriləcəyinə inanır: “Türk xalqı soyqırım yapmayıb, bunu Avropa biləcək və oradakı 4 milyon vətəndaşımız bundan sonra da başını dik tutaraq yaşayacaq. Türk millətinə layiq olan bir zəfərlə geri qayıdacağımıza inanıram”.

 

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi “Erməni soyqırımı beynəlxalq yalandır!” - sözlərinə görə polis nəzarətinə alınıb. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan Perinçək, daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəz edilib. 2008-ci ilin iyununda Doğu Perinçəkin vəkili Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrəni Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib. Daha sonra Ermənistan və Fransa da prosesə müdaxiləçi kimi daxil olublar. İsveçrənin apellyasiya şikayəti barədə yanvarın 28-də AİHM-in Böyük Palatasında qərar veriləcək. Ən tezi 2 aydan sonra açıqlanması gözlənilən AİHM Böyük Palatasının hökmü qətidir və ondan heç bir şikayət verilə bilməz.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR