Ukraynada azərbaycanlıları təhqir edən müəssisə rəhbərinə cinayət işi açıldı

Ukraynada azərbaycanlıları təhqir edən müəssisə rəhbərinə cinayət işi açıldı
12:52 27 Yanvar 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Məsələ ilə bağlı Ukrayna Ombudsmanı bəyanat yayıb
Ukrayna Ombudsmanı Valeriya Lutkovskaya Nikolayev şəhərində azərbaycanlıların hüquqlarının pozulması faktı ilə bağlı bəyanat verib.

APA-nın Ukrayna Ombudsman Aparatının (İnsan haqları üzrə müvəkkil) rəsmi saytına istinadən yaydığı xəbərə görə, bəyanatda Nikolayevin iri əyləncə və ticarət kompleksi olan “Sotka”da azərbaycanlı müştərilərin qovulması və onların kompleksə girişinə qadağa qoyulması sərt tənqid olunub, şəhər meriyasından və restoran rəhbərliyindən buna son qoymaq tələb edilib.

Ombudsman bəyan edib ki, baş verən qanunsuzluq faktı “Ukraynada diskriminasiyanın qarşısının alınması prinsipləri haqqında” qanunun 6-cı maddəsinə ziddir və cinayət məsuliyyəti yaradır. Açıqlamada bildirilib ki, azərbaycanlıların müraciəti və Ombudsman tərəfindən toplanan materiallar əsasında məlum olub ki, uzun müddətdir kompleksdə istehlakçı hüquqlarının pozulması ilə yanaşı, irqi və etnik ayrı-seçkiliyin kobud şəkildə təbliğ olunması da müşahidə edilib: “Biz bu halı pisləyir və Ukrayna ənənələrinə uyğun olmadığını bildiririk. Aidiyyəti orqanlardan dərhal bu faktın araşdırılmasını tələb etmişik”.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə APA-ya açıqlamasında deyib ki, məsələ ilə bağlı Ukrayna vilayət Prokurorluğunda həmin kompleksin rəhbəri Viktor Qorbaçova qarşı Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən cinayət işi açılıb: "Bu maddənin sanksiyaları 2 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə və aylıq gəlirin 50 faizinin zərərçəkənlərə təzminat kimi ödənilməsidir. Bu hal orada bir neçə ildir baş verir. Nikolayevdəki azərbaycanlıların hüquq müdafiəçisi, iş adamı Xəyyam Dünyamalızadə azərbaycanlılar adından bunu rəsmi instansiyalara çatdırdığına görə müəssisə rəhbərliyi tərəfindən ona qarşı basqıların olması faktını da lazımi orqanlara bildirmişik”.

X. Dünyamalızadə isə qeyd edib ki, həmin müəssisədə azərbaycanlıların etnik mənsubiyyətinə görə aşağılanması bir neçə ildir davam edirmiş: “Biz bu faktı yoxlamaq üçün özümüz ora getdik və eyni halla qarşılaşdıq. Bizi qovdular. Əvvəldən apardığımız gizli çəkilişlər və digər faktlar əsasında Ukrayna Baş Prokurorluğuna müraciət etdik”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR