Rəsul Cəfərovun məhkəməsi başladı

Rəsul Cəfərovun məhkəməsi başladı
12:53 27 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər- Anar Nağılbaz( Cəbiyev), Nicat İmanlı, Heybətov Əhməd, Əhmədov Cahangir iştirak ediblər. Anar Nağılbaz, Əhməd Heybətov, Nicat İmanlı vəsatətlə çıxış edərək cinayət işində zərərçəkmiş şəxs kimi tanınmalarına xitam verilməsini istəyiblər.

Daha sonra Rəsul Cəfərovun vəkilləri Fariz Namazlı və Əlibala Rzayev müdafiə etdikləri şəxsin ev dustaqlığına buraxılması, məhkəmədə mikrafonların təşkil edilməsi və müdafiə etdikləri şəxsin dəmir barmaqlıqlardan çıxarılaraq yanlarında oturması barədə vəsatət veriblər.

Prokuror mübariz Mirili vəsatətlərin təmin olunmasını istəyib. Daha sonra hakimlər müşavirə keçiriblər və Rəsul Cəfərovun dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərin yanında oturmasını təmin ediblər. Digər vəsatətlər təmin edilməyib.

Bundan sonra prokuror ittiham aktını elan edib. Rəsul Rəsul Cəfərov özünü təqsirli bilməyib. Məhkəmə iclası fevralın 10-da davam etdiriləcək.

Rəsul Cəfərov ötən ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilib.

Sonradan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR