Azərbaycan alimləri dünyada ilk dəfə olaraq “Dünya palçıq vulkanları” atlasını hazırlayıb

14:02 27 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 13:56 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan alimləri dünyada ilk dəfə olaraq “Dünya palçıq vulkanları” atlasını hazırlayıb.

 

AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev APA-ya açıqlamasında deyib ki, ilk dəfə olaraq hazırlanan “Dünya palçıq vulkanları” atlası Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə bir töhfə kimi tərtib ediləcək.

 

Onun sözlərinə görə, 3 dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan atlasın nəşri İtaliyada həyata keçiriləcək: “Artıq 5 ilə yaxındır ki, bu işlə məşğul olurduq. Demək olar ki, bu atlasa əsasən dünya palçıq vulkanları haqqında məlumat bankı hazırlanıb. Atlasın hazırlanması zamanı dünyanın 42 ölkəsində, eyni zamanda Xəzər, Aralıq və Qara dənizin dərin zonalarında yerləşən palçıq vulkanları haqqında məlumatlar əldə edilib. Vulkanların hamısı təhlil olunub, onların morfologiyası, struktur mövqeyi, təsnifatı və digər məsələlər ətraflı öyrənilib. Demək olar ki, 50 il ərzində Azərbaycan geoloqlarının, vulkanoloqlarının apardığı tədqiqatların nəticələri, vulkanların əmələ gəlməsi, təzahür mexanizmi, fəaliyyətinin seysmikliklə, neft-qaz yataqları ilə əlaqəsi məsələsi qlobal miqyasda öz təsdiqini tapıb. 320 səhifədən ibarət olan atlasda 450 rəngli şəkillər, xəritələr, profillər, müxtəlif tektonik sxemlər 340 eorokosmik, aerofotolar 136  cədvəl verilib. Atlasda dünyanın 42 ölkəsində, Xəzər, Qara və Aralıq dənizində yerləşən ümumilikdə  2500 palçıq vulkanı haqqında məlumat var. Bunun 353-ü Azərbaycanda və Xəzərin Azərbaycan sektorunda yerləşir”.

 

A.Əliyev yeni atlasın hazırlanması zamanı dünyanın müxtəlif ölkələrində yeni vulkanların aşkarlandığını da açıqlayıb. Onun sözlərinə görə, 5-6 il bundan öncə məlumat belə idi ki, dünyada 900 palçıq vulkanı var: “Lakin atlasın hazırlanması zamanı 600-dən artıq xarici dildə nəşr olunan ədəbiyyat tərcümə edilib. Onların əsasında xarici ölkələrə aid vulkanlarla bağlı məlumat bankı yaranıb. Məlumat bankında da artıq 2500 palçıq vulkanı haqqında məlumatlar toplanıb. Buna əsasən də hansı ölkələrdə, qitələrdə palçıq vulkanlarının aşkar olunduğuna dair məlumatlar tapmaq olar”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR