"Qafqazın parlayan ulduzu – Azərbaycan"  kitabı macar dilində nəşr olunub

"Qafqazın parlayan ulduzu – Azərbaycan"  kitabı macar dilində nəşr olunub
14:33 27 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+


Budapeşt, 27 yanvar, AzərTAc
Macar tarixçisi doktor Borbala Obruşanskinin və Azərbaycanda fəaliyyət göstərən Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birlikdə qələmə aldıqları "Qafqazın parlayan ulduzu – Azərbaycan" kitabı Budapeştdə macar dilində çapdan çıxıb.
Bu, tarixçi-alim Borbala Obruşanskinin ölkəmiz haqqında ikinci kitabıdır. 2011-ci ildə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə onun "Azərbaycan" kitabı çap edilmiş və qısa müddət ərzində macar ictimaiyyəti arasında geniş yayılmışdı.
Yeni kitab 360 səhifədən ibarətdir. Müəlliflərin qarşıya qoyduqları əsas məqsəd son bir neçə ildə regionun ən güclü iqtisadiyyata malik aparıcı ölkəsinə çevrilən Azərbaycanı tarixi və mədəniyyəti, iqtisadiyyatı və ənənələri, turizm imkanları və mətbəxi ilə birlikdə macar oxucusuna tanıtmaqdır. Burada, eyni zamanda, müstəqillik illərində Azərbaycanın üzləşdiyi çətinliklər, Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.
Kitabda illüstrasiyalara da geniş yer ayrılıb. Müasir macar oxucularını Azərbaycanın zəngin tarixi ilə tanış edən müəlliflər əsərin anlaşılan dildə, cəlbedici və oxunaqlı üslubda yazılmasına xüsusi diqqət yetiriblər.
Redaktoru Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev olan "Qafqazın parlayan ulduzu – Azərbaycan" kitabının yanvarın 28-də Budapeştdə təqdimat mərasimi keçiriləcək.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotQafqazin_parlayan_ulduzu___Azerbaycan_quot__kitabi_macar_dilinde_nesr_olunub-827778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR