Hyuston Universitetinin rektoru: “Bakı Ali Neft Məktəbinin tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir”

Hyuston Universitetinin rektoru: “Bakı Ali Neft Məktəbinin tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir”
15:33 27 Yanvar 2015
254 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti xanım Renu Xatur AzərTAc-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Azərbaycanla ABŞ arasında təhsil əlaqələri haqda nə deyə bilərsiniz?
- Azərbaycanla ABŞ-ın Texas ştatı arasında təbii bağlar mövcuddur. Bu ilk növbədə neftə olan ortaq marağımızdan irəli gəlir. Bizi həmçinin öz təbii ehtiyatlarımızdan necə istifadə etməyin yollarının axtarışı və həmçinin, ən müasir texnologiyaya əsaslanan tədqiqatı necə aparmaqla bağlı istəyimiz bağlayır. Təhsil sahəsində ortaq maraqlarımız çoxdur. Mən burada bir neçə ali təhsil müəssisəsində oldum, müzakirələr apardım. Biz bir neçə sahələr üzrə əməkdaşlıq edə bilərik, xüsusilə də, tələbə və müəllim heyətinin mübadiləsi sahəsində, birgə tədqiqat imkanlarını da mütləq nəzərdən keçirə bilərik. Mübadilənin həyata keçirilməsi azərbaycanlı tələbələr üçün böyük imkanlar açacaq. Onlar Hyuston Universitetində təhsil almaq imkanı qazana bilərlər.
- Bakı Ali Neft Məktəbi ilə Razılaşma Protokolu imzaladınız, bu əməkdaşlığın nə kimi perspektivləri var?
- Düşünürəm ki, Bakı Ali Neft Məktəbi neft-qaz sahəsi üzrə gələcəyin işçi qüvvəsini hazırlamağı tam məsuliyyətlə öz üzərinə götürmüş bir ali təhsil müəssisəsidir. Bakı Ali Neft Məktəbi tədqiqat işlərinin aparılmasında da çox maraqlıdır, bu da bizim maraq sahələrimizdən biridir. İmzaladığımız Razılaşma Protokolu əsasında biz iki ölkə arasında tələbə mübadiləsini, məzunlar üçün ayrıca ixtisasartırma proqramlarının imkanlarını nəzərdən keçirəcəyik. Bakı Ali Neft Məktəbində bakalavrıatı bitirən tələbələr Hyuston Universitetində təhsillərini magistratura pilləsində davam etdirə biləcəklər. Biz həmçinin, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinin Hyuston Universitetinə səfərini və eyni zamanda, Hyuston Universitetinin tələbə və müəllim heyətinin Bakı Ali Neft Məktəbinə səfərini təşkil edəcəyik. Bundan başqa çalışacağıq Hyuston Universitetinin və Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətlərinin iştirakı ilə ortaq tədqiqat layihələrini həyata keçirək.
- Bu məqsədə çatmaq üçün savad, bilik və iradə kifayət edirmi?
- Sadaladığınız üç faktor istənilən sahədə liderlik üçün çox mühüm amillərdir. Bununla belə, insanda xəyal etmə cəsarəti də olmalıdır. Çünki sizi irəli aparan və hətta bəlalardan qoruyan məhz xəyallarınızdır. İkincisi isə - ürəkdən gələn istəkdir. Əgər bir istək dərin deyilsə, o zaman xəyal qurmağa belə dəyməz. Əks halda qarşına qoyduğun məqsədə doğru addımladıqda hər hansı bir maneə ilə qarşılaşanda büdrəyə bilərsən və məqsədi reallaşdırmaqdan geriyə çəkilə bilərsən. Ona görə də, hər zaman qərar verərkən bunu nə dərəcədə ürəkdən istədiyinizə əmin olmalısınız. Üçüncüsü isə - sadəlikdir. Hər zaman düşünün ki, bu işi siz təkbaşına görə bilməyəcəksiniz, bu işi görmək üçün digər insanların da iştirakı lazımdır. Beləliklə, mənim fikrimcə liderlikdə ümumi vacib olan üç şey bunlardır. Amma bir nəfər məndən şansın nə dərəcədə əhəmiyyətli olduğunu soruşmuşdu, mən də bildirmişdim ki, şans çox mühümdür!
- Əldə etdiyiniz nailiyyətlərə görə kimə və nəyə borclusunuz?
- Mən hər zaman deyirəm ki, valideynlərimdən başlayaraq, həyat yolumda mənimlə birgə addımlayan hər kəsə, xüsusilə də, anama minnətdaram. Hətta anamla bağlı bir məqalə də yazmışam, çünki Hindistan kimi mühafizəkar (konservativ) bir ölkədə doğulmağıma baxmayaraq, anam məni və qardaşımı cəsarətli olmağa çağırırdı, bizi hər zaman bərabər tuturdu, heç hansımıza üstünlük vermirdi. Böyüyəndən sonra mən savadlı və qəlbən böyük feminist olan bir insanla ailə qurdum. O, mənə söz verdi ki, missiyamda məni daim dəstəkləyəcək və artıq 40 ildir ki, o yanımda, arxamda və önümdədir. Ona görə deyə bilərəm ki, bu işdə həyat yoldaşımın böyük əməyi var. Mənim hər uğurumu qeyd edən və mənə cəsarət verən dostlarım da var. Onlar mənim üçün çox vacibdirlər. Eyni zamanda, mənim asanlıqla hər hansı bir məsələ ilə bağlı məsləhətləşə və kömək istəyə biləcəyim rəsmi məsləhətçilərim də var.
- Qadın rektor, ailə və ailə öhdəlikləri, bunları necə uyğunlaşdırırsınız?
- Çox yaxşı sualdır. Ailəm olduğu üçün mən xoşbəxt insanam. Ailədə biri digərinə dəstək olur. Mənim iki qızım var və gördüyüm işlərdə qızlarımın, nailiyyətlərimdə isə - həyat yoldaşımın payı çoxdur. Mən yoqa ilə məşğul oluram və Hindistanda yaşayan qohumlarımla çox sıx əlaqə saxlayıram, bu əlaqələrdən çoxlu enerji və zövq alıram. Anam, bacılarım, qardaşlarım, bütün ailəm mənə həmişə dəstək olublar.
- Bakı Ali Neft Məktəbində keçirdiyiniz görüşdə tələbələrin çoxsaylı suallarını cavablandırdınız. Bu ali məktəbin tələbələri haqda fikirlərinizi bilmək istərdik.
- Tələbələrin ingilis dili çox mükəmməldir, onların özlərini, hisslərini, düşüncələrini və sualları dəqiq, aydın ifadə etmə bacarıqları çox yüksəkdir. Sual üçün seçdikləri mövzular isə onların savadının göstəricisi idi. Ümumilikdə, mən onların təhsilə olan marağına və öz gələcəkləri ilə bağlı edə biləcəklərinə olan sevgiyə heyran qaldım. Bakı Ali Neft Məktəbinin savadlı və bacarıqlı tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir.
- Səfər çərçivəsində bir çox görüşlər keçirdiniz, Bakının tarixi, mədəni yerləri ilə tanış oldunuz. Azərbaycandan hansı təəssüratlarla ayrılacaqsınız?
- Bakıda aktiv və dinamik həyatla rastlaşdım. Keçirdiyim, görüşlər çox səmərəli oldu. Burada gördüyüm inkişaf, optimistlik və böyük gələcək duyğusu, göz oxşayan arxitektura məni heyrətləndirdi. Bakını Avropanın istənilən şəhərinə bənzətmək olar. Bakı ilə Hyuston 1976-cı ildən qardaşlaşmış şəhərlərdir. Əminəm ki, bu təsadüfi deyil, çünki hər iki şəhər eyni sahibkarlıq və optimizm ruhuna malikdir. Gecələr Bakını Dubaya bənzədirəm – qlamur, canlı və parlaq! Gündüzlər isə Bakı qara qızılını insan kapitalına çevirmək həvəsi ilə çalışan bir şəhərdir. Burdan sevgi dolu və sadəcə xoş təəssüratlarla ayrılıram.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hyuston_Universitetinin_rektoru_Baki_Ali_Neft_Mektebinin_telebelerini_gordukden_sonra_deye_bilerem_ki_sizin_olkeniz_etibarli_ellerdedir-827794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR