x
Loading...
.

Fikrət Yusifov avronun ucuzlaşmasının səbəblərini açıqlayıb

Fikrət Yusifov avronun ucuzlaşmasının səbəblərini açıqlayıb
16:12 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

[ 27 Yanvar 2015 16:05 ]


Bakı - APA-Economics. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin BİAB sədri, professor Fikrət Yusifov son zamanlar avronun ucuzlaşmasının səbəblərini  açıqlayıb.

 

“Son günlər mətbuatda avronun kursunun aşağı düşməsi ilə əlaqədar geniş müzakirələr aparılır. Ölkəmiz Avro zona ölkələri ilə sıx iqtisadi əməkdaşlıq şəraitində olduğundan bu prosesin bizə təsirsiz ötüşəcəyini demək olmz. Əgər bura həm də Mərkəzi bankın rezervlərinin və Neft Fondunun aktivlərinin bir qisminin avro ilə yerləşdirilməsini də əlavə etsək, onda  avronun kursunun aşağı düşməsindən əldə edilə biləcək müsbət nəticələrlə yanaşı, müəyyən itkilərin gözləndiyini də qeyd etmək lazımdır”, - deyə F. Yusifov bildirib.

 

Sadə məntiq

 

BİAB sədri Mərkəzi Bankın rezervlərinin və Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir qisminin avro ilə yerləşdirilməsindən gözlənilən itkilərə də aydınlıq gətirib. Onun sözlərinə görə, dünya maliyyə bazarlarında aparılan hər bir əməliyyatın müxtəlif risk dərəcələri mövcuddur. Yəni bu əməliyyatlardan hər hansı birinin itkilərdən yüz faiz sığortalanması mümkün deyil. Bunun əksi də baş verə bilir. Vəsaitlərin yerləşdirildiyi valyutanın kursu qalxdığı hallarda bu əməliyyatların onu aparan tərəf üçün gözlənilməyən gəlirlər gətirməsi də mümkündür:  “Belə əməliyyatlar zamanı risklərin minimuma endirilməsini təmin edə biləcək meyarlardan biri və ən başlıcası rezervlərin yerləşdirildiyi valyutaya sahib ölkənin (və ya ölkələrin) iqtisadiyyatının güclü və sabit  olmasıdır. Heç kəs öz maliyyə vəsaitlərini iqtisadiyyatı üçüncü və ya ikinci səviyyədə olan, sabitliyinə kifayət qədər təminat olmayan ölkələrin valyutasında yerləşdirmək qərarı verə bilməz. Təbii ki, burada siyasi motivlərlə hansısa tərəflərin bəzən belə addım atması halları istisna olunur. Qalan hallarda bu əməliyyatı aparan hər bir tərəf onu güclü və sabit iqtisadiyyata malik ölkələrin valyutalarında etməyə cəhd göstərir.  Bu mənada Mərkəzi Bankın və Neft Fondunun rezervlərinin bir qisminin avroda saxlanılması başa düşüləndir”. 

 

Avronun kursunda aylar üzrə qeydə alınan dəyişmələri diqqətə çatdıran F. Yusifov deyib ki,  keçən il mayın əvvəlində bir yevro 1,39 ABŞ dolları olduğu halda, bu kurs həmin ilin avqust ayının axırlarında 1,31, sentyabrın sonlarında 1,26, dekabrın sonunda 1,21, ABŞ dolları olub, cari ilin əvvəlindən isə kursun aşağı düşməsi daha kəskin şəkil alıb. Bu ilin yanvar ayının əvvəlindən 27 yanvar tarixə qədək kurs daha 0,09 dollar aşağı düşərək 1,12 ABŞ dolları təşkil edib və heç şübhə yoxdur ki, bu ənənə hələ bir xeyli müddət davam edəcəkdir.

 

Super güc nümayişi

 

BİAB sədri keçən ilin ortalarından başlayaraq avronun dəyərdən düşməsinin əsil səbəbləri barədə də danışıb: “Burada iki başlıca səbəb var. Birincisi odur ki, ABŞ Federal Rezerv Sistemi uzun illərdən bəri davam edən həddindən artıq ucuz pul siyasətini tədricən dəyişmək və bu siyasətin aparıldığı dövrdə praktik olaraq sifr dərəcəyə qədər endirilmiş baza faiz dərəcələrini qaldırmaq qərarı verib. Belə addımın atılması uzun illərdən bəri aparılan ucuz pul siyasətinin Amerika iqtisadiyyatı üçün gözlənilən nəticələrə gətirib çıxarmasından sonra mümkün oldu. Artıq Amerika iqtisadiyyatı lazım olan iqtisadi artıma nail olub. Bu dönəmdə tənəzzül keçirən Avropa ölkələrinin iqtisadiyyatını qaldırmaq məqsədilə Avropa Mərkəzi Bankı vaxtilə ABŞ Federal Rezerv Sisteminin ABŞ-ın iqtisadiyyatı durğunluq keçirdiyi dövrlərdə apardığı siyasəti - ucuz pul siyasətini Avropada təkrarlamaq qərarı verdi və daha doğrusu belə qərar verməyə məcbur oldu.  Bu siyasəti reallaşdırmaq üçün Avropa Mərkəzi Bankı müəyyən etdiyi proqramla yaxın illər ərzində dövriyyəyə 1 trilyon avrodan çox vəsait buraxmağı nəzərdə tutur və çox güman ki, Avropa Mərkəzi Bankının bu kursu Avropa ölkələrinin hal hazırda yerində sayan iqtisadiyyatında lazımı artım əldə edilənə qədər - yəni ilkin olaraq nəzərdə tutulduğundan daha uzun müddət ərzində davam edə biləcəkdir. Avronun kursunun kəskin şəkildə aşağı düşməsinin əsil səbəbi məhz budur”.

 

F. Yusifov onu da vurğulayıb ki, dollar öz sabitliyini bərpa edib möhkəmləndiyi dönəmlərdə adətən inkişaf etməkdə olan ölkələrin milli valyutaları zəifləməyə başlayır və hətta dolların həddindən artıq möhkəmlənməsi faktı sonda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında böhran meyllərinin baş qaldırmasına gətirib çıxarır: “Dollar möhkəmləndikcə onda yerləşdirilən rezervlərin həcmi böyüyür və sonda bir çox ölkələr daha çox vəsaitləri ABŞ-ın xəzinə öhdəliklərinin alınmasına yönəltməklə borclanmaya üstünlük verməyə başlayırlar. Əslində bütün baş verənlər dünyada yeganə böyük güc olan ABŞ-ın uzun müddət üçün nəzərdə tutduğu və hələ ki, çox uğurla apardığı bir proqramın tərkib hissəsidir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR