Azərbaycanın qaçqın və köçkünlər məsələsi vaxtında həll edilsəydi, Avropada yeni qaçqınlar ordusu da yaranmazdı

17:13 27 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+


Strasburq, 27 yanvar, AzərTAc
Ukraynadakı böhranlı vəziyyət, davam edən döyüşlərin səbəb olduğu yeni itkilər, hər gün sayı artan qaçqın və köçkünlər problemi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ən qızğın müzakirə mövzusu idi. Britaniyalı deputat Cim Şeridanın hazırladığı “Ukraynalı qaçqın və köçkünlərin humanitar vəziyyəti” adlı məruzə ətrafında müzakirələrdə 60-a yaxın deputat çıxış edib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da həmin müzakirələrə qatılıb. Azərbaycanlı deputat əsas diqqəti ölkəmizin qaçqın və köçkünlər məsələsinə yönəldib. O, Avropada və dünyada bu arzuolunmaz proseslərin sürətlənməsində Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatların xeyli dərəcədə günahkar olduğunu vurğulayıb, vaxtında tədbirlər görülməməsinin, Azərbaycan qaçqın və köçkünlərinin probleminin həllində qətiyyət nümayiş etdirilməməsinin Avropada yeni oxşar faciələrin meydana gəlməsinə zəmin yaratdığını nəzərə çatdırıb. Rafael Hüseynov deyib: “Bu sualların cavabları sadədir, onları hər kəs tapa bilər. Amma eyni zamanda bunlar çox ağrılı suallardır. Min, on min, əlli min, yüz min çoxdur, yoxsa 1 milyon? 3 ay, 5 ay, 1 il çoxdur, yoxsa 26 il, 22 il? Faciə yenicə baş verəndə daha dəhşətlidir, yaxud 20 ildən artıq müddət ərzində hər gün davam edəndə? Söz yox, bu gün Ukrayna qaçqınları və köçkünləri haqqında danışan insanların hər biri bu fəlakətin acısını hiss edir, nə şəkildəsə həmdərd olmağa, kömək göstərməyə çalışır. Lakin mənim qənaətimə görə heç kəs həmin dərdi azərbaycanlılar qədər duya və o dərdlərə azərbaycanlılar qədər həssaslıqla şərik çıxa bilməz. Səbəb sadədir: Biz 20-25 ildən çoxdur ki, bu dərdləri hər gün yaşayırıq, oxşar faciənin fəsadlarına hər gün şahid kəsilirik. İndiyədək Parlament Assambleyasında qaçqınlar problemi ilə əlaqədar dəfələrlə müzakirələr aparılıb, qətnamələr qəbul edilib. Nəticə nədir, hansı irəliləyişlərə nail olmuşuq? Əfsuslar olsun ki, təxminən heç nəyə. Aydın məsələdir ki, şərə qalib gəlmək həmişə çox çətindir. Bu gün biz Ukraynadakı humanitar fəlakətdən, miqdarı günbəgün sürətlə artan qaçqınlar ordusunun müdhiş vəziyyətindən bəhs edirik. Lakin elə bir dövrdə, Avropa və dünyanın elə bir çalxantılı zamanında yaşayırıq ki, sabah daha başqa bir üzv dövlətin, o biri gün isə digər Avropa Şurası ölkəsinin uğradığı eyni ağır problemdən söz aça bilərik. Oxşar hadisələrin başvermə ehtimalı təəssüf ki, realdır və səbəb də odur ki, ortada nümunə var. Arzuolunmaz presedent yaranırsa və onun qarşısının alınması üçün dərhal kəsərli tədbirlər görülmürsə, qətiyyətli addımlar atılmırsa, prosesin davamlı olması, zəncirvari reaksiyaya çevrilməsi labüddür. Avropada qaçqın və məcburi köçkünlərin sayı 2001-ci ildə indikindən xeyli az idi. Həmin il işğalçı Ermənistan və onu dəstəkləyən güclər tərəfindən yaradılmış 1 milyon qaçqın və köçkünü olan dövlət kimi Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul edildi. O zaman bütün Azərbaycan əhalisi və həmin 1 milyon qaçqın və köçkün Avropa Şurası kimi nüfuzlu bir təşkilatın bu düyünün açılmasına yardım göstərməsini arzulayır və ümidlərinin gerçəkləşəcəyinə inanırdılar. Ümidi artıran o idi ki, həmin bəlanı yaratmış Ermənistan da artıq Avropa Şurasına üzv idi. Bu təşkilatın məsələnin müsbət həllinə bilavasitə ciddi təsir göstərmək üçün imkanları var idi. Lakin səbəbi anlaşılmayan yumşaq, bir az da laqeyd münasibət problemin həllinin bir ildən digər ilə və illərə adlamasına bais oldu. Çadır şəhərciklərində qaçqın və köçkünlərin övladları doğulmağa, dünyaya qaçqın və köçkün statusu ilə göz açan yeni bədbəxt nəsillər yaranmağa başladı. Tarixin amansız, bir az da qəddar qanunları var. Başqasının faciəsinə biganə qalanda mütləq cəzalanacaqsan. Həllinə imkanın olduğu halda biganəlik göstərdiyin faciə bumeranqa çevriləcək, katalizatora dönəcək, yeni bəlalar şəklində sənin üstünə qayıdacaq: dünən Moldovada, srağagün Gürcüstanda, o biri gün Ukraynada, başqa bir gün ayrı bir qonşu ölkədə, hansısa növbəti gündə sənin öz ölkəndə. Nə qədər kədərli olsa da, etiraf etməliyik ki, faciə davam edəcək, onun dairəsi vaxt ötdükcə genişlənəcək, heç təsəvvürə gəlməyən başqa ölkələri də əhatə edəcək. İstəməzdik belə olsun, amma hazır olun, hadisələrin inkişaf məntiqi ona doğru aparır”.
Rafael Hüseynov çıxışını bir azərbaycanlı Ermənistan qaçqınının Dağlıq Qarabağ münaqişəsinin həllində süstlük göstərən beynəlxalq təşkilatlara əsl ittiham kimi səslənən məktubu ilə tamamlayaraq deyib: “Mən sözümü seçicim olan, Azərbaycanın çox sərt iqlim şəraitinə malik, qışları həddən artıq soyuq, yayları dəhşətli dərəcədə qızmar keçən Hacıqabul rayonundakı bir düzənlikdə məskunlaşmış, Ermənistandakı tarixi torpaqlarından deportasiya edilərək son 26 ildə qaçqın həyatı yaşamağa məcbur qalan bir insanın məktubundan sətirlərlə tamamlayıram. Yazır ki, 25 ildir dünya birliyindən, mötəbər beynəlxalq təşkilatlardan, 15 ildir Avropa Şurasından kömək istəyirik, Ermənistanın təcavüz siyasətinə son qoyulmasından ötrü təsirli addımların atılmasını tələb edirik. Səsimiz eşidilmir. Anlaya bilmirik ki, 1 milyon insanın səsi zəifdir, ya o səsi eşitməli olanların eşitmək qabiliyyəti? Bu suala cavab verin ki, bundan sonra necə yaşayacağımızı bilək, sizə olan ümidlərimizi dəfn edib-etməməli olduğumuzu anlayaq. Hörmətli həmkarlar! Mən heç istəməzdim ki, illər sonra Ukraynadan və ya hansısa başqa üzv dövlətdən olan qaçqınlardan yenə bu məzmunda olan məktub alaq. Bu cür məktubların olacağına isə ehtimallar çox böyükdür”.
Əsgər Əliyev
AzərTAcın xüsusi müxbiri
Strasburq

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_qachqin_ve_kochkunler_meselesi_vaxtinda_hell_edilseydi_Avropada_yeni_qachqinlar_ordusu_da_yaranmazdi-827826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR