Sara Aşurbəyli - Azərbaycan tarixşünaslığında əbədi yaşayan tədqiqatçı alim

Sara Aşurbəyli - Azərbaycan tarixşünaslığında əbədi yaşayan tədqiqatçı alim
17:53 27 Yanvar 2015
186 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Həyatını Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr edən ziyalılarımızdan biri də tarix elmləri doktoru, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar Elm Xadimi Sara Aşurbəylidir. Bakının, əsasən də İçərişəhərin tədqiqatçısı, elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri Sara xanım Aşurbəyli, sözün əsl mənasında, vətənpərvər ziyalı idi.
1906-cı il yanvarın 27-də Bakıda zadəgan ailəsində anadan olan Sara Aşurbəyli çətin, kəşməkəşli, lakin şərəfli bir ömür yolu keçib. O, 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirib.
Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixi ilə bağlı tədqiqatlarıdır.
Görkəmli alim “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Sara Aşurbəyli ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Bu istedadına görə 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.
Sara Aşurbəylinin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona göndərdiyi məktubda Sara xanımın elmi və ictimai fəaliyyətini belə səciyyələndirib: “Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.
Sara xanım 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində işləyib. O özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışıb.
Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib. Sara xanım onu yaxından tanıyanların yaddaşında nəcib, üzügülər, alicənab bir insan kimi həmişə yaşayacaqdır. Hələ neçə-neçə nəsillər Sara xanımın qoyub getdiyi zəngin elmi mirasdan bəhrələnəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sara_Asurbeyli___Azerbaycan_tarixsunasliginda_ebedi_yasayan_tedqiqatchi_alim-827838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR