"Arşın mal alan" operettası Özbəkistan Dram Teatrında (FOTO)

"Arşın mal alan" operettası Özbəkistan Dram Teatrında (FOTO)
18:23 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış konsert-tamaşa təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları da iştirak ediblər.

Konsert-tamaşa Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb, bədii rəhbər və dirijor Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanova olub.

Tədbirin açılışında çıxış edən Özbəkistandakı Azərbaycan səfirliyinin birinci katibi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan teatrlarının bu təşəbbüsünü yüksək qiymətləndirdiyini, Azərbaycan mədəniyyətinə Özbəkistanda böyük maraq olduğunu qeyd edib.

O, iki ölkə arasında mədəni əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnun olduğunu və gələcəkdə də bu cür layihələrə dəstək veriləcəyini bildirib.

Daha sonra "Arşın mal alan" tamaşasından musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatı, Özbəkistanın "Qolden Trophu" Ansamblı və "Soqdiana" Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa ediblər. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunub. Konsert-tamaşada Əskərin və Gülçöhrənin ariyalarını beynəlxalq müsabiqələr laureatları Rüstəm Alimardanov və Masuma Boltabayeva oxuyublar.

İfa tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

Qeyd edək ki, "Arşın mal alan" tamaşası Özbəkistanda çox populyardır. Ü.Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər paytaxt Daşkənddəki Opera Teatrında dəfələrlə tamaşaya qoyulub.

"Arşın mal alan" filmi Özbəkistan Dövlət Televiziyası tərəfindən özbək dilinə dublyaj olunaraq televiziya kanallarında tez-tez nümayiş olunur.

Tədbirin sonunda çıxış edən konsert-tamaşanın bədii rəhbəri və dirijoru, Özbəkistanın əməkdar incəsənət xadimi, professor F.Abdurahmanova tamaşaçılara, habelə Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2357774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR