Həsən bəy və Hənifə xanım dastanı

Həsən bəy və Hənifə xanım dastanı
21:57 27 Yanvar 2015
608 Sosial
Ölkə mətbuatı
A- A+

1872-ci il. "Əkinçi"nin yaranmasına 3 il qalır. Həsən bəy Bakı şəhər gimnaziyasında müəllim işləyir.
 
Müsəlman Tələbələrə Yardım Cəmiyyəti qurmağa nail olub. İanə toplanışı çox ağrılı və zəif gedir. Bir il sonra Azərbaycan teatrının əsası qoyulacaq. Hələ görəcəyi işlər qarşıdadır. Yaş keçir. Evlənmək lazımdır. Evlənsə, cəmiyyətdəki tələbələri evində saxlamaq imkanı da yaranar. Amma yaşadığı şəhərdə savadlı müsəlman qız yoxdur! Problem bundadır!
 
Günlərin birində Həsən bəy Tiflisdə çıxan "Qafqaz" qəzetini oxuyarkən gözü bir elana sataşır. Elanda Tiflis Müqəddəs Nina Məktəbini bitirənlərin siyahısı var. Onların arasında bir müsəlman qız var...
 
Həsən bəy düşünmədən təhsilli müsəlman qızla tanış olmaq üçün Tiflisə gedir. Gimnaziyanın direktoruna ürəyini açır, savadlı bir müsəlman xanımla evlənmək istədiyini deyir və onun vasitəsilə Hənifə xanımla görüşə bilir...
 
Milli.Az azens.az-a istinadən bildirir ki, Hənifə Abayeva (Məlikova) 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə dünyaya göz açmışdır. Azərbaycan xalqının ilk maarifçi qadınlarından olan Hənifə xanım Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil almışdır. Hənifə xanım Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı oldu.
Həsən bəy Zərdabda yaşadıqları dövrdə, 1880-ci ildən başlayaraq Hənifə xanımla birlikdə öz evlərində pulsuz məktəb açdı. Onlar təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan uşaqlara savad öyrədirdilər.
Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bu uşaqların biri Qubadan gəlmişdi. O, oxumaq istədiyini qətiyyətlə atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və iftixarı idi...”.
 
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi olaraq “Bakı xanımlarının ilk təşkilatı” yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və rus-türk (Azərbaycan) qız məktəbinin müdiri vəzifəsində çalışır. Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşmüş, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləmişdir.
Hənifə xanım Məlikova 1929-cu ildə Bakıda vəfat edib. Əvvəlcə şəhər qəbiristanlığında dəfn edilən Hənifə xanımın cəsədi sonralar həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına köçürülüb. Ruhən və cismən bir-birinə və xalqına bağlı olan bu maarifpərvər insanlardan xalqımıza heç zaman tarixdən silinməyəcək maarifçilik ənənələri və xoş əməllər yadigar qalıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/49422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR