Rusiyanı belə çökdürürlər

Rusiyanı belə çökdürürlər
23:12 27 Yanvar 2015
280 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 26-da üç əsas beynəlxalq reytinq agentliklərindən biri - “Standard & Poor's” Rusiyanın kredit reytinqini spekulyativ səviyyəyə, yaxud zibilliyə endirib.
 
Agentlik elan edib ki, Rusiyanın reytinqi artıq investisiya reytinqi deyil və BBB- səviyyəsindən BB+ səviyyəsinə endirilir. Bu isə o deməkdir ki, agentlik beynəlxalq investorlara Rusiyaya yatırım qoymağı tövsiyə etmir və Rusiya şirkətinin pullarına etibar etməməyi məsləhət görür.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, “Standard & Poor's” agentliyinin Rusiyanın kredit reytinqini aşağı salması bu ölkənin hökumətində və biznes çevrələrində ciddi narahatlıq yaradıb. Çünki agentliyin qərarı təkcə makroiqtisadi göstəriciləri pisləşdirməyəcək, eyni zamanda ölkədə işsizliyi artıracaq, rublun kursunun daha da aşağı düşməsinə səbəb olacaq.
 
Kreml agentliyin qərarının siyasi və Rusiya iqtisadiyyatını çökdürmək üçün həyata keçirilən sistemli hücumların tərkib hissəsi olduğunu bildirir. “Standard & Poor's” isə bildirir ki, kredit reytinqinin aşağı salınması Mərkəzi Bankın yürütdüyü pul-kredit siyasətinin nəticəsidir. Çünki Mərkəzi Bank çevikliyini itirib və xarici təhdidlərə pis reaksiya verir. Həmçinin Rusiyanın xarici və fiksal rezervləri artmaqda olan xarici təzyiqlərin nəticəsi olaraq tükənir, iqtisadiyyata dövlət dəstəyi artır.
 
Bəs “Standard & Poor's” agentliyinin mövqeyi ilk növbədə kimə təsir edəcək?
 
Ekspertlərin qənaətinə görə, ilk növbədə iri beynəlxalq investorlar bu rəyi nəzərə alacaqlar və Rusiyaya yatırdıqları pulları geri çəkməyə başlayacaqlar. Nəticədə Rusiyadan kapital axını güclənəcək. Onsuz da ölkədən kapital axını sürətlənib və 2014-cü ildə 150 milyard dollara yaxın olub.
 
Bundan əlavə, reytinqin aşağı salınmasının ardınca Rusiyanın aparıcı şirkətlərinin də reytinqləri pisləşəcək və bu, qaçılmazdır. Üstəlik Qərbin sanksiyaları nəticəsində Rusiya şirkətlərinin beynəlxalq kapital bazarına çıxışı bağlanıb. Reytinqin aşağı salınması isə onlaın investisiya cəlbediciliyini sıradan çıxaracaq.
 
Lakin bütün bunlardan təkcə şirkətlər zərər çəkməyəcək. Rusiya əhalisi də Qərbin monopoliyasında olan beynəlxalq reytinq mafiyasının qərarından zərər görəcək. Çünki reytinqin zbilliyə salınması Rusiyanı beynəlxalq investisiyalardan məhrum edəcək.
 
Son illərdə investisiya cəlbediciliyini artırmaq Rusiya hökumətinin əsas strategiyası olub, indi isə bu haqda unutmaq lazımdır. Xarici kapital olmadan isə iqtisadiyyatın inkişafı tamamilə dövlətin üzərinə düşür. Deməli, bu halda dövlət daxili resursları istifadə etməlidir. Bu resurslar isə məhduddur. 
 
“Nord Capital” investisiya qrupundan baş analitik Sergey Alin lenta.ru-ya açıqlamasında deyib ki, kredit reytinqinin aşağı salınması və bunun nəticəsində rublun daha da ucuzlaşması rusiyalıların rifahına hökmən təsir edəcək.
 
S.Alinin sözlərinə görə, yeni ildən sonra bəzi ərzaq mallarının qiymətləri tanınmaz dərəcədə dəyişib. İndi hər küncdə-bucaqda danışırlar ki, rusiyalılar üstəlik işsizliyə də hazır olmalıdır. Çünki beynəlxalq investisiyaların kəsilməsi, Rusiya şirkətlərinin beynəlxalq maliyyə bazarlarına çıxışının qarşısının alınması hökmən iş yerlərinin ixtisarına səbəb olacaq.
 
Analitik deyir ki, indi Rusiyanı hər tərəfdən sıxırlar və neqativ amillərin bir neçəsi üst-üstə düşüb. Neftin iki dəfə ucuzlaşması da bura daxildir.
 
İndi ekspertlər gözləyir ki, “Standard & Poor's” agentliyinin ardınca digər iki əsas beynəlxalq reytinq agentliyi “Fitch” və “Moody's” da Rusiyanın kredit reytinqini aşağı salacaqlar. Hələlik bu agentliklər Rusiyanın kredit reytinqini zibillikdən bir pillə yuxarıda - BBB- səviyyəsində saxlayırlar.
 
Bu isə iqtisadi gösttəricilərin daha da pisləşməsinə, iqtisadi artımın öz yerini iqtisadi gerilməyə buraxmasına, işsizliyin artmasına, bir çox şirkətlərin müflis olmasına və milli valyutanın daha da ucuzlaşmasına, strateji valyuta ehtiyatlarının tükənməsinə səbəb olacaq.
 
Qeyd edək ki, hazırda Ukraynanın şərqində separatçıların yeni ərazilər tutmaq üçün hücumlara başladığı bir vaxtda Qərb ölkələrində Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək barədə müzakirələr gedir. Bu sanksiyalardan ən qorxulusu Rusiya banklarının beynəlxalq ödəmə sistemi SWIFT-ə çıxışının dayandırılması olardı. Çünki bu, Rusiyanın maliyyə sisteminin tamamilə çökməsinə səbəb olacaq.
 
Belə görünür ki, yeni “soyuq müharibə”də Rusiyanın əlindəki kartlar daha zəifdir və ötən əsrin ortalarından başlayan, SSRİ-nin dağılması ilə nəticələnən birinci “soyuq müharibə” dövründə olduğundan daha zəif müqavimət imkanlarına malikdir.
 
Bu isə hər şeydən əvvəl Rusiyanın SSRİ kimi qapalı sosialist iqtisadiyyatına deyil, beynəlxalq maliyyə və fond bazarlarından asılı olan bazar iqtisadiyyatına malik olmasından irəli gəlir.
 
Rusiyanın beynəlxalq kapital və fond bazarlarına inteqrasiya etməsi Qərblə geosiyasi qarşıdurmada onun əlini xeyli zəiflətdi və göründüyü kimi, Qərbə Rusiya iqtisadiyyatını böhrana yuvarlamaq üçün cəmi bir neçə ay vaxt lazım oldu.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/49226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR