x
Loading...

Kral qərar verir, neft oynayır. Ölkəmiz bu çal-çağırdan necə çıxacaq? - FOTO

Kral qərar verir, neft oynayır. Ölkəmiz bu çal-çağırdan necə çıxacaq? - FOTO
00:12 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Ötən gündən etibarən dünya bazarında neftin qiyməti artmağa başladı. Bir müddət əvvələ qədər dəyəri sürətlə düşən "qara qızıl" bir sıra ölkələrin iqtisadiyyatını təhdid edirdi.
OPEK-in sədri Abdulla əl-Bədrinin sözlərinə görə, neftin qiyməti artıq dibə vurub. Bundan sonra bahalaşma ola bilər. Hətta neftin qiymətinin 200 dollara qədər yüksələcəyi də bildirilir.

Bu proqnozların nə qədər özünü doğruladacağını zaman göstərəcək. Bugünkü reallıq ondan ibarətdir ki, Səudiyyə Ərəbistanının kralının ölüm xəbəri neftin qiymətlərini artırır, yeni kralın verdiyi qərar isə qiymətləri dibə endirir. Elə iki gün öncə Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abdul Əziz Əl Səudun qərarı dünya birjalarına ciddi təsir göstərmişdi. "Qara qızıl"ın istehsal həcminin saxlanılması barədə qərar bazar ertəsi dünya birjalarında neftin qiymətinin aşağı düşməsi ilə nəticələnmişdi.



Son dövrlər eksperlərin istifadə etdikləri əsas ifadə isə "qeyri-müəyyənlikdir". Belə şəraitin nə qədər davam edəcəyini demək isə elə "qeyri-müəyyənliy"in özü qədər çətindir.

Hələlik isə bilinən odur ki, neftin qiyməti Azərbaycan büdcəsi üçün nəzərdə tutulandan xeyli aşağıdır.

"Qara qızıl"ın qiymətinin belə aşağı düşməsi hamı üçün gözlənilməz idi. Son onilliklər ərzində neftin qiyməti artıq bir neçə dəfə bu cür aşağı düşüb. 1998-ci ildə və 2008-ci ildə də dünyada neftin qiyməti aşağı düşmüşdü. Bu dəfəki qiymət azalması tələb və təklif faktoru ilə əlaqədardır. Dünyada neftə olan tələbin iqtisadi templərinin aşağı düşməsi neft və neft məhsullarına olan tələbatı azaldır.

Bundan əlavə dünya bazarında neftin təklifi də artıb. Elmi-texniki tərəqqi sayəsində yeni hasilat metodları ortaya çıxır ki, bu da daha çox məhsulun istehsalı üçün şərait yaradır. İraq, Liviya, Sudan kimi köhnə neft ölkələrinin daxili böhranlardan sonra yenidən bazara qayıtması da neftin qiymətlərinə təsirsiz ötüşmür.

Hazırda OPEK-in təklif etdiyi gündəlik neftin həcmi 92,7 milyon barreldir. Dünya üzrə tələbat isə 91,5 milyon barreldir. Tələb və təklif arasında 1,2 milyon barrellik fərq neftin qiymətinin azalmasına gətirib çıxarır.



Qiymətlərin oynaması böyük şirkətlərə də təsirsiz ötüşməyib. Ötən gün BP şirkətində ixtisarlar və maaşların azaldılması barədə xəbərlər yayıldı. BP-Azərbaycan şirkəti bəzi vəzifələrin ixtisara salındığını bildirdi. Qeyri-rəsmi məlumatlarda isə ixtisara salınan işçilərinin sayının yüzlərlə olduğu qeyd olunurdu. Eyni prosesin başqa ölkələrdə də getdiyi deyilir. BP Şotlandiyada 300 nəfərdən çox əməkdaşını ixtisara salıb.

Yüzlərlə Azərbaycan vətəndaşının bir günün içində işsiz qalması, sözsüz ki, arzuolunan deyil. Bəs neftin ucuzlaşmasının qlobal anlamda ölkə iqtisadiyyatına təsiri necə olacaq? Neft qiymətlərinin enib-qalxdığı bir zamanda Azərbaycanı nə gözləyir?



Bu məsələdə dövlət rəsmiləri nikbin danışırlar. Mərkəzi Bankın sədri Elman Rüstəmov bu günlərdə dövlət televiziyasına açıqlamasında deyib ki, Azərbaycan neftin ucuzlaşması reallığına tam hazırdır. Onun sözlərinə görə, Azərbaycanın belə bir dövrdə manevr etmək üçün kifayət qədər maliyyə ehtiyatları var.

Aparılan makroiqtisadi testlər göstərir ki, dünyada neftin qiymətinin 50 dollar olacağı şəraitdə Azərbaycanın tədiyyə balansı minus yox neytraldır. Stress testlər göstərib ki, neftin qiymətinin ucuz olduğu şəraitdə Azərbaycan iqtisadiyyatı həm yaşaya bilər, həm də inkişaf edə bilər.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/321301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR