İlham Əliyev: "Onlar bu işə indi başlayırlar, amma artıq gecdir"

İlham Əliyev: "Onlar bu işə indi başlayırlar, amma artıq gecdir"
01:31 28 Yanvar 2015
184 Ölkə
Ölkə mətbuatı
A- A+

"Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil".

ANS PRESS-in məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, dünyada artıq Azərbaycan modeli qəbul olunur:

"Bu illər ərzində infrastruktur layihələrinə böyük diqqət göstərilmişdir və görülən işlər göz qabağındadır. Düzdür, bəzi hallarda bu görülən işlər unudulur, bəzilərinə elə gəlir ki, həmişə belə olubdur. Ancaq indi bəzən o köhnə görüntüləri televiziya ilə göstərəndə hər kəs yada salır ki, əvvəlki vəziyyət necə idi. Son illərdə həm Bakıda, həm bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bu, necə icra edilsin, o müəssisə necə yaradılsın ki, o bölgədə, rayonda elektrik enerjisi, yol yoxdur?

Ona görə, bax, ilk növbədə, infrastruktur layihələri, - onu da mən 2003-cü ildə demişəm, - elektrik təminatı və yollar olmalıdır. Ondan sonra prioritet olaraq qazlaşdırma, içməli su, meliorasiya. Biz, bax, bu ardıcıllıqla da gedirik. Ona görə ilk növbədə, elektrik enerjisi qurğularının yaradılmasına böyük vəsait ayrıldı. Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır. Əgər yaranmasaydı, bu gün ölkəmizin üçdəbir hissəsi işıqsız qalacaqdı, heç bir inkişafdan söhbət gedə bilməzdi, heç bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Ona görə elektrik enerjisi ilə təchizat təmin edildi”.

İlham Əliyev bildirib ki, bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir: “Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.

Son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilmişdir. Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə Azərbaycanın təşəbbüsü ilə başlamışdır, indi tikintisi başa çatır. Bölgələrdə 6 aeroport tikilmişdir, onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası tikilmişdir. İndi bölgələrdən beynəlxalq uçuşlar təşkil edilir. Bu aeroportların bəziləri yenidən quruldu, bəziləri heç yox idi, tikilmişdir. Bu işə başlayanda bəziləri hesab edirdilər ki, buna - əlavə vəsait xərclənməsinə ehtiyac yoxdur. Amma görün indi nə qədər insan cənub, şimal-qərb bölgələrindən müxtəlif ölkələrə rahat gedir, daha Bakıya gəlməyə ehtiyac yoxdur.

Bu infrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir. Çünki Azərbaycanın daxili su mənbələri məhduddur. Bizim əsas mənbələrimiz xaricdə formalaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada təmizləyici qurğuların tikintisi, eyni zamanda, daxili mənbələrin aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı su kəməri tikilmişdir. Bu da simvolik xarakter daşıyır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsait su kəmərinin tikintisinə qoyulmuşdur. Bax, bizim siyasətimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir. Əgər elektriklə, yolların tikintisi ilə bağlı görülən müxtəlif işlər nəticəsində o vəsait uzun müddətdən sonra qayıdacaqsa, su təsərrüfatına qoyulan vəsait qayıtmayacaq. Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi”.

Dövlət başçısı deyib ki, infrastruktur layihələrinin arasında meliorasiya layihələri də böyük önəm daşıyır: “Biz bu layihələrin icrasını təmin etmişik. İki nəhəng meqalayihəni icra etmişik - Şəmkirçay və Taxtakörpü su anbarları, kanallar, elektrik stansiyaları. Bu da Azərbaycana bundan sonra xidmət edəcək. Yəni, onilliklər, yüzilliklər bundan sonra bu anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək. Eyni zamanda, suların idarə edilməsi məsələlərinin həllində də bu layihələrin böyük əhəmiyyəti var. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq biz bunu etmişik. Bir daha demək istəyirəm ki, infrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, qeyd etdiyim kimi, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi. Mən vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Yəni, orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də qalacaqdı. Ya da ki, Bakı-Tbilisi-Qars. Bu məsələ on il bundan əvvəl müzakirə olunurdu və hələ müzakirə kimi gedirdi. Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, elə indi də danışacaqdıq. Nazirlər indi də gedib orada-burada konfranslar keçirəcəkdilər. Biz real işlərlə məşğuluq. Real işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=322288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR