İlham Əliyev: "Biz boşboğazlıqla yox, real işlərlə məşğuluq"

İlham Əliyev: "Biz boşboğazlıqla yox, real işlərlə məşğuluq"
01:54 28 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+



“İnfrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq”. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.

 

 

Dövlət başçısı qeyd edib ki, vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar: “Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur”.

 

Prezident İlham Əliyev enerji layihələrinə toxunaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi layihələrinin regionun, Avropanın enerji xəritəsini dəyişdirdiyini qeyd edib: “Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilib, dəhliz yaradılıb. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi”.

 

Dövlət başçısı vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etdiyini xatırladıb: “Yəni, orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də qalacaqdı. Ya da ki, Bakı-Tbilisi-Qars. Bu məsələ on il bundan əvvəl müzakirə olunurdu və hələ müzakirə kimi gedirdi. Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, elə indi də danışacaqdıq. Nazirlər indi də gedib orada-burada konfranslar keçirəcəkdilər. Biz real işlərlə məşğuluq. Real işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR