Oqtay Əsədov: Keçən il bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib

Oqtay Əsədov: Keçən il bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib
06:19 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dünya Bankının məlumat bazasına əsasən Dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub.  Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.  Onun sözlərinə görə, bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, Azərbaycanda  bu göstərici 39 faiz təşkil edib.

 

Nazir qeyd edib ki, hesabat ilində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil edib, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib.

 

“Hesabat ilində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz az olub, o cümlədən natural ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azalıb. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir”, deyə Heydər Əsədov deyib.

 

Bu müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olub, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub.

 

Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat ilinin payına düşüb.

 

Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə edə biliblər. Bu da məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstərib.

 

Nazir qeyd edib ki,  2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoхillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilib.

 

“Bakı şəhərində hər həftə sonları və bayram günləri təşkil edilən yarmarkaların fəaliyyəti daha da təkmilləşdirilmişdir. Özəl biznes subyektləri ilə əməkdaşlıq sistemi yaradılaraq iqtisadi tənzimləmə və valyuta bazarında olduğu kimi ərzaq bazarına natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradılıb və qiymət dəyişmələri baş verməyib.

 

Quraqlıq və əlverişsiz hava şəraiti səbəbindən toxumçuluq sahəsində yaranmış ciddi problemlərin dövlət büdcəsindən ayrılan 2,8 milyon manat vəsait hesabına bir sıra rayonlarda fermerlərə pulsuz toxum verilməsi yolu ilə qısa müddət ərzində aradan qaldırılıb”, deyə  Heydər Əsədov bildirib.

 

Kənd təsərrüfatı naziri çıxışı zamanı aşağıdakı problemlərin həllinə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib:

 

- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;

 

- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması;

 

- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması;

 

- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması;

 

- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun olardı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR